"2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqram"ına əsasən, Azəravtoyol ASC tərəfindən kompleks
tədbirlər davam etdirilir.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, bu
tədbirlər çərçivəsində Abşeron rayonu Hökməli-Qobu-Güzdək avtomobil
yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi əsaslı
şəkildə təmir olunub.
Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı
11 km uzunluğunda və 9.5 metr enində olan Hökməli-Qobu-Güzdək
avtomobil yolunun 1.5 km-lik hissəsi əsaslı şəkildə təmir
olunub.
Sözügedən ərazidə aparılan əsaslı təmir işləri zamanı yolun
köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb,
yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra
karbonat materialı tökülərək yenidən kipləşdirilib. Bundan başqa
qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km
uzunluğunda drenaj sistem yaradılıb.
Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə
gətirilib və 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton
örtüyünün döşənməsi işləri həyata keçirilıb. Ümumilikdə 15 min m2-ə
yaxın sahə asfaltlanıb.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində
Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır
qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılıb.
Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə
Əliyeva küçələrində aparılıb. Müvafiq olaraq küçələrin uzunluqları
1200 və 1280 metrdir.
Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı
kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun
hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Daha sonra Heydər Əliyev
küçəsinin 5400 m2, Zərifə Əliyeva küçəsinin isə 7500 m2 sahəsinə
yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, küçələrdə piyadaların rahat və təhlükəsiz
hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada
səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1.5 metr enində
tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb.
Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun
texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.