Cari ilin ötən dövründə 75268 nəfər ailə üzvü olan 18855
ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı
təyin edilib.
Bunu Trend-ə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Elman Babayev ünvanlı dövlət sosial
yardımların təyinatında neqativ hallara yol verilməsi səbəbindən
dayandırılacağı ilə əlaqədar məlumatlarla bağlı açıqlamasında
deyib.
E.Babayev qeyd edib ki, ünvanlı dövlət sosial yardım sisteminin
avtomatlaşdırılmış infrastrukturunun qurulması, bu sistemin tam
şəffaflaşdırılması yönündə aparılmış uğurlu islahat tədbirini
məqsədli şəkildə gözdən salmağa, ləkələməyə çalışırlar: "Guya
ünvanlı dövlət sosial yardımlarının təyinatında neqativ hallara yol
verilməsi və bu səbəbdən bu yardım proqramının dayandırılacağı
barədə məlumatlar böhtan xarakteri daşıyır".
E.Babayev bildirib ki, Prezident İlham Əliyevin 23 fevral
2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial
MüÜdafiəsi Nazirliyi tərəfindən cari il fevral ayının 15-dən
tətbiqinə başlanan ünvanlı dövlət sosial yardımı üzrə Vahid
Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ünvanlı dövlət
sosial yardımı proqramının icrası işlərinin tam şəffaf şəraitdə
həyata keçirilməsini təmin edir: "Bu sistem aztəminatlı ailələrin
bu sosial yardım növündən heç bir məmur müdaxiləsi mümkün olmadan,
tam şəffaf şəraitdə faydalanmasına imkan verib. Ünvanlı sosial
yardım üçün müraciətin edilməsi, bu müraciətə baxılması, yardımın
təyin olunub-olunmaması barədə qərar verilməsi, hətta bu qərar
barədə vətəndaşın məlumatlandırılması prosesi tam
avtomatlaşdırılmış qaydada yerinə yetirilir. Yəni ünvanlı sosial
yardım təyinatı prosesində heç bir məmur, ümumiyyətlə, insan
faktoru işirak etmir və bu mümkün də deyil. Belə olan halda ünvanlı
sosial yardımların təyinatında hansısa korrupsiya halına yol
verildiyini yazmaq cəmiyyətə bilərəkdən yalan məlumat verməyə, bu
gün beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən müasir və
şəffaf bir sistem barədə məqsədli şəkildə böhtan yaymağa, mənfi
ictimai fikir formalaşdırmağa hesablanıb".
E.Babayev hazırda ünvanlı dövlət sosial yardımı üzrə Vahid
Elektron Müraciət və Təyinat Alt Sisteminin normal qaydada
fəaliyyət göstərdiyini qeyd edib: "Cari ilin 15 fevralından
tətbiqinə başlanılan bu sistem tərəfindən ötən müddətdə 75268 nəfər
ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı
dövlət sosial yardımı təyin edilib. Bu təyinatların heç birində
insan faktoru iştirak etməyib. Ümumiyyətlə, ünvanlı sosial yardım
təyinatı üçün hansısa məmura deyil, məhz elektron qaydada müraciət
edilir. Burada məmur-vətəndaş təması qətiyyən baş vermir və mümkün
deyil".
Ünvanlı sosial yardım alanların sayının qəsdən şişirdildiyini
bildirən E.Babayev diqqətə çatdırıb ki, yardımların ödənişi də hər
ay normal qaydada davam etdirilir.
Guya ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması
barədə qeyd edilənlərə gəldikdə isə, E.Babayev bunun da heç bir
əsası olmayan məlumat olduğunu və bilərəkdən ictimai fikri
çaşdırmağa xidmət etdiyini vurğulayıb: "Artıq dəfələrlə məlumatlar
verilib ki, özünüməşğulluq proqramının icrası ünvanlı sosial yardım
proqramının dayandırılmasına dəlalət etmir və hər iki proqram
paralel şəkildə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham
Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində
əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə
ayrılmış vəsait hesabına aztəminatlı ailələrin özünüməşğulluğuna
şərait yaradılacaq. Hansı ailələr ki, ailə üzvlərinin əmək
potensiaları, işləmək, gəlir əldə etmək imkanları var, onlar
seçiləcək, onlar üçün kiçik ailə təsərrüfatları yaradılmaqla,
onların özünüməşğulluğu təmin ediləcək. Artıq yaxın vaxtlarda belə
aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması, yəni onlar
üçün kiçik ailə təsərrüfatlarının yaradılması istiqamətində praktik
işlərə başlanılacaq. Lakin hansı ailələr ki, qeyd edilən əmək
potensialları, yəni özünüməşğulluq proqramına cəlb edilmək üçün
imkanları yoxdur, onların ünvanlı dövlət sosial yardımları ilə
təmin edilməsi prosesi davam etdiriləcək. Ona görə də ünvanlı
dövlət sosial yardımı proqramının ləğv olunacağı barədə cəmiyyəti
çaşdırmağa yönələn məlumatların heç bir əsası yoxdur".