16:34
Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etsin və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etsin.
4. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamın 1-ci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutsun.
***
Prezident İlham Əliyev “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Etibarlı Tərəfdaş Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
***
Prezident İlham Əliyev “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları”nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları” təsdiq edilsin (əlavə olunub).
2. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1693 (Cild I) ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin 6.3.5.4-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.3.6-cı yarımbənd əlavə edilsin:
“6.3.6. məlumatlandırma mexanizmi sahəsində:
6.3.6.1. sifarişçi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvəqqəti tikililər (bundan sonra – müvəqqəti tikililər) barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi;
6.3.6.2. məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi;
6.3.6.3. Tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi;
6.3.6.4. məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülməsi;
6.3.6.5. məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.