Məmur ərini öldürməkdə
təqsirləndirilən qadının məhkəməsində yeni məqamlar üzə çıxıb.
Qadının iki qızından biri anasını müdafiə edir, digəri isə atasının
ölümündə kiçik bacısını və anasını günahlandırır.
Təqsirləndirilən şəxs mənzilə naməlum şəxsin girdiyini və qətlin
də onun törətdiyini deyir. Sahə müvəkkili olan polis əməkdaşı da
ifadəsində nəzarət kamerasında naməlum şəxs gördüyünü, lakin onun
kimliyinin araşdırılmadığını deyir.
Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsində ərini, Daşınmaz Əmlak
üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli
İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın
cinayət işindən gedir.
Bir çox qaranlıq məqamlarla davam edən bu cinayət işi ilə bağlı
hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində
sənədlərin tədqiqi elan olunub. Təqsirləndirilən şəxsin
vəkillərinin istəyi ilə onların ziddiyyətli məqamların olduğunu
düşündükləri sənədlər məhkəmə zalında elan olunub.
19 bıçaq zərbəsi...
Musavat.com-un
məlumatına görə, ilk elan olunan sənəd hadisə yerinə edilən ilk
baxış zamanı hazırlanan protokol olub. Protokolda qeyd edilir ki,
hadisə yerinə baxış zamanı F.İsgəndərovun çoxsaylı bıçaq zərbələri
ilə qətlə yetirilmiş meyiti aşkar edilib. Hadisə yerində 21,
ətrafda isə əlavə qan izləri olub. Vəkillər qeyd ediblər ki, ilk
götürülən 21 qan izi ekspertizaya göndərilsə də digər- qətlin
törədildiyi ərazidən aralıda olan və protokolda qeyd edilən və
nümunə üçün götürülən qan izləri ekspertizaya göndərilməyib.
Növbəti elan olunan sənəd isə meyitə baxış protokolu olub.
Protokolda qeyd edilir ki, F.İsgəndərovun sol qulaq arxasında, döş
sümüyündə, sağ çiynində, döş qəfəsinin yanında, arxasında, kürək
nahiyyələrində, boynunda, sol baldırında ümumilikdə 19 bıçaq
zərbəsi olub. Alnında və dizində isə sıyrıqlar olub.
Şahidlərdən birinin gördüyü naməlum şəxs...
Növbəti elan olunan sənəd şahid kimi ifadə verən Sahib
İbrahimovun ifadəsi olub. S.İbrahimov qətlin baş verdiyi mənzilin
yaxınlığındakı tikinti şirkətində sahə rəisi olaraq çalışır. O,
polisə ifadəsində hadisə baş verəndən bir neçə dəqiqə sonra naməlum
şəxsin ondan avtomobil yoluna necə çıxa biləcəyini soruşduğunu
deyib.
S.İbrahimov ifadəsində qeyd edib ki, 19-20 yaşlarında bir nəfər
ona yaxınlaşıb və yolu soruşub: "Su anbarının ərazisinə girmişdi.
Məndən yola necə çıxa biləcəyini soruşdu. Mən də izah elədim.
Əlində kiçik idman çantası var idi. Onu indi də görsəm tanıyaram.
Həmin şəxs gedəndən bir müddət sonra polis əməkdaşları gəldi.
Onlara da olanları və gördüklərimi bu şəkildə dedim".
Prosesin davamında hadisədən sonra təqsirləndirilən
X.İsgəndərovanın paltarına baxış protokolu, genetik ekspertizanın
təyin edilməsi ilə bağlı qərar, hadisədən sonra- sentyabrın 3-də
hadisə yerinə edilən növbəti baxışın protokolu elan edilib. Sonuncu
protokolda qeyd edilir ki, qətlin baş verdiyi evin yanındakı torpaq
sahədə ayaq izləri olub. Həmçinin həmin ərazidə yaşayışın olmaması
da protokolda göstərilir. Hadisə yerinə baxış zamanı ayaq izləri
çəkilib.
Digər elan olunan sənəd isə fotorobot olub. Fotorobot
təqsirləndirilən şəxsin, onun kiçik qızı Əmanənin və tikinti
şirkətinin əməkdaşı olan Sahib İbrahimovun ifadəsi əsasında
hazırlanıb. Vəkillər bildirib ki, hər üç şəxsin verdiyi ifadələrə
əsasən hazırlanan fotorobotlarda böyük oxşarlıq var. Dövlət
ittihamçısı isə çıxışında bildirib ki, ana və qızının verdiyi ifadə
ilə S.İbarimovun verdiyi ifadələr arasında həmin şəxsin saqqalının
olub-olmaması arasında ziddiyyət var. S.İbrahimov gördüyü şəxsin
saqqalsız olduğunu bildirib.
Qətlin baş verdiyi evin yaxınlığından tapılan
maska
Növbəti sənəd isə qətlin baş verdiyi evin yaxınlığında yerləşən
Su Anbarının ərazisinə baxış protokolu olub. Xatırladaq ki,
cinayəti törətdiyi iddia edilən naməlum şəxsin qətli törətdikdən
sonra yaxınlıqdakı su anbarının hasarından aşaraq hadisə yerindən
qaçması da səsləndirilən versiyalar arasındadır.
Su anbarının yerləşdiyi əraziyə baxış protokolunda maraqlı bir
detal ortaya çıxıb. Protokolda qeyd edilir ki, qətlin baş verdiyi
evdən 40 metr məsafədə yerləşən su anbarının hasarında palçıq və
qan izləri olub. Hasarın qan və palçıq izi olan hissəsindən bir
qədər aralıda isə maska tapılıb. Həmin maskanın qadın corabından
düzəldiyi qeyd edilir.
Naməlum şəxs haqda polisin dediyi...
Ötən proseslərdə ifadə verən sahə müvəkkili demişdi ki, istintaq
qrupu ilə hadisə yerinə yollanıblar. Bu zaman onunla qətlə
yetirilən şəxsin kiçik qızı Əmanə də olub.
"Yolda qızı sorğu-sual etdim. Füzuli İsgəndərovun işçilərini,
qonşularını dindirdik. Kamera görüntülərinə də baxış keçirdik.
Görüntülərdə bir cavan oğlan var idi. Amma onun şəxsiyyəti
müəyyənləşmədi", - sahə rəisi ifadəsində qeyd etmişdi.
Səs-küylü cinayət işi ilə bağlı ən diqqət çəkən məqam iki qız
övladının ifadələri olub. Əvvəlcə onu bildirək ki, X.İsgəndərova
hadisə zamanı yanında olan qızı Əmanənin ifadəsi əsasında həbs
edilib. O, istintaqa verdiyi ilk ifadəsində atasının anası
tərəfindən öldürüldüyünü deyib. Ancaq məhkəmə zalında ifadə verən
16 yaşlı Əmanə bu ifadəsini təsdiqləməyib və bildirib ki, onu
aldadıblar.
Əmanənin ifadəsindən: "Mənə dedilər ki, ananın
atanı öldürdüyünü de. Bundan sonra anamı dəlilik adı ilə həbsdən
çıxaracaqlarını söylədilər. Əks halda anamın ömürlük həbs
ediləcəyini dedilər. Mən də qorxub belə ifadə verdim".
Məhkəmədə ifadə verən ailənin böyük qızı Bülbül isə qətldə
anasından və bacısından şübhələndiyini bildirmişdi. Hadisədən sonra
Əmanə xalası və dayısı, Bülbül isə bibisi və əmisinin himayəsində
yaşamağa başlayıb. Hazırda Bülbül Azərbaycanı tərk edib.
Yaxınlarının dediyinə görə, Bülbül anasının günahkar olması ilə
bağlı ifadə verəndən sonra anasının qohumları tərəfindən izlənilib.
Buna görə də o, Azərbaycandan getmək qərarına gəlib.
Bu işdə səsləndirilən digər bir məqam isə tərəflərin Füzuli
İsgəndərovun mülkləri ilə bağlı dedikləri fikirlərlə bağlıdır.
Mərhumun böyük qızı Bülbül məhkəmədə verdiyi ifadəsində qeyd
etmişdi ki, atası məmur olduğundan ona məxsus obyektlər, mənzillər
və digər mülklər qohumlarının adına olub. O, bəzi qohumlarının mülk
üstündə olan maraqlarına görə işə müdaxilə etdiklərini iddia
etmişdi.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdiriləcək.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov həm də sabiq maliyyə
naziri Əvəz Ələkbərovun xalası oğludur.
Xatırladaq ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş
verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov
yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. X.isgəndərova və
qızı hadisənin evə oğurluq məqsədi ilə girən naməlum şəxs
tərəfindən törədildiyini iddia edirlər.