Ərəblərin Bakıya kütləvi axınına sosial şəbəkələrdə
müxtəlif yöndən yanaşsalar da, paytaxtda iaşə obyektlərinin, kafe
və restoranların sahibləri onlardan birmənalı olaraq
məmnundurlar.
Məsələ ondadır ki, əgər manatın devalvasiyasından sonra Bakının
mərkəzində yerləşən brend geyim mağazalarında alıcı qıtlığı
yaşanırdısa, indi hər axşam saatlarında mağazalarda kassaların
bağlandığı ərəfədə böyük müştəri növbəsi müşahidə olunur. Söhbət
etdiyimiz iaşə obyektlərində çalışanlar da təsdiqlədilər ki,
ərəblər demək olar ki, gün ərzində bütün qida ehtiyaclarını
kafelərdə ödəyirlər. Bu isə onların fəaliyyətlərinə xeyli dəstək
olur və xidmət sektorunda bir növ dirçəlmə hiss olunur.
Bundan başqa, ərəb turistlərin Bakıya gəlişindən sonra bir hal
da müşahidə edilir. Belə ki, ötən illərdə mövsümlə bağlı 70 faiz
endirim edən brend geyim mağazaları artıq bunu 40-50 faiz aralığına
endiriblər.
Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan iqtisadi ekspert Fikrət
Yusifov bildirdi ki, həqiqətən də ölkəmizə gələn turistlərin
sayında ötən illərlə müqayisədə xeyli artım var və bu xidmət
sektoruna da öz müsbət təsirini göstərir: "Paytaxtla bərabər,
bölgələrdə də turistlərin sıxlığı müşahidə olunur. Ərəblər son
illər bəllidir ki, Türkiyəyə daha çox üz tuturdular. Lakin orada
baş verən son məlum olaylar nəticəsində sabitliyin müəyyən qədər
pozulmasından sonra daha çox Azərbaycana üz tutmağa başladılar.
Çünki Azərbaycanda ictimai-siyasi sabitlik var və eyni zamanda
təhlükəsizlik də lazım olan həddədir. Təbii ki, onların ölkəmizə
gəlməsi çox müsbət haldır. Əlavə dəyər vergisinin (ƏDV) Hava
limanında qaytarılması sistemi ("Tax free") ilə bağlı qəbul
etdiyimiz qərar və eyni zamanda bugünlərdə cənab prezidentin
vergilərlə bağlı sərəncamı da öz bəhrəsini verəcək. Prezidentin
sərəncamına əsasən bu ilin sonuna qədər vergi sadələşmələri
aparılacaq. Sərəncama uyğun olaraq, həmçinin bütün giriş-çıxış
məntəqələrində ƏDV-nin qaytarılması sistemi məsələsi gündəmə gəlir.
Bunlar hamısı turistlərin Azərbaycana gəlməsinin stimullaşdırılması
baxımından dövlətin atdığı addımlardır. Digər tərəfdən, bir həqiqət
də var ki, bu gün regionda ən sabit ölkə Azərbaycandır. Təbii ki,
burada istirahət etmək turistlər üçün çox əlverişlidir ki, axın
davam etməkdədir. Bir məqamı da qeyd edək ki, əgər bir mövsümdə
Azərbaycana, misal üçün, 1000 adam gəlirsə, növbəti mövsüm onların
tövsiyəsi ilə bu say bir neçə qat artır. Bu minvalla turistlərin
sayı ötən illərlə müqayisədə xeyli artmışdır. Yaxın gələcəkdə bu
sayın daha da artması gözlənilir. Bunlar da yuxarıda da qeyd
etdiyimiz kimi, xidmət sektorunun da daima inkişafına təkan
verir".
Ekspert bildirdi ki, turistlərin sayının artırılması üçün
bölgələrdə də bu sektorun inkişaf etdirilməsi əsas şərtlərdəndir:
"Turistlər xidmətin keyfiyyətinə, qiymətlərə də çox önəm verirlər.
Bu baxımdan, turizm sektorunda qiymət siyasəti sahəsində də müəyyən
irəliləyişlər olub və hesab edirəm ki, bu istiqamətdə bir çox işlər
də görülməlidir. Ən azından Misirin, Türkiyənin və başqa turist
ölkələrinin qiymətlə bağlı təcrübələri öyrənilməlidir. Bütün bunlar
öz həllini taparsa, turist sayı da xeyli artacaq. Qeyri-neft
sektorunun əsas xətlərindən biri də ölkədə turizmin inkişaf
etdirilməsidir. Bunun üçün ölkədə bütün münbit şərait və geniş
imkanlar var. Bu da realdır ki, turistlərin axını Azərbaycanda iaşə
obyektləri, mağazalar və digər bu kimi obyektlər üçün də
faydalıdır. Çünki onlar kifayət qədər bu yerlərdən istifadə
edirlər".
Ekspert ölkədəki bəzi geyim mağazalarında mövsümü endirimlərin
olmamasını bu cür izah etdi: "Onlar hər bir detalı
dəyərləndirirlər. Təbii ki, turist axınının çox olduğunu görüb,
bundan da faydalanırlar. Hesab edirlər ki, misal üçün, hər hansı
bir geyimi baha satmaq olursa, bunu niyə ucuz qiymətə satıb, itkiyə
məruz qalım. Endirimi ticarətçi ona görə edir ki, mövsüm üçün
nəzərdə tutulan malının qalığını satıb, növbəti mövsüm üçün mal
alsın. Əgər satış yaxşıdırsa, endirim də olmur. Bütövlükdə isə
hesab edirəm ki, növbəti aylarda qiymətlərdə enmələr müşahidə
olunacaq. Xüsusilə də ƏDV-nin alınmasında baş verən dəyişikliklər
qiymətlərin ucuzlaşmasına səbəb olacaq".