Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim, dünən
axşam gəlmişəm. Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar
da... Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər
mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki,
sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb
çəkirsən?
Bunu Report-a
açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.
O, Siyəzən rayonunda yerləşən evinin yaxınlığındakı məsciddə
azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət
bildirib:
"Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla
demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan
veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm.
Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?!
İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki,
ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə
bir material hazırlamısan? Sən "azan xoşuna gəlmir, azanı susdurub"
deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir
azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa
o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu
rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini
mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?".
54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir
Süleymanov ailə üzvlərinin də inanclı olduğunu vurğulayıb:
"Rayonda ən inanclı ailələrdən biri mənim ailəmdir, biz namaz
qılan adamlarıq. Bu videonu çəkən adam nə danışır?! Biz insanlara
xidmət edirik".
O, barəsində hazırlanan materialın sifariş olduğunu deyib:
"Təbii ki, bu, sifarişdir. Başqa nə ola bilər ki!? Kimə
istinadla deyə bilərlər ki, mənim azan səsindən xoşum gəlmir. Elə
bir müsəlman ola bilərmi ki, azan səsi xoşuna gəlməsin? Bizim
muğamımız da, "Quran"ımız da azandan əmələ gəlib. Azandan kimin
xoşu gəlməyə bilər?! İnsan qələmi əlinə alıb yazanda bu dərəcə
vicdansızlıq edərmi, bu dərəcədə vicdansızlıq ola bilərmi?! Necə
ola bilər ki, bizim evin yanındakı məsciddə azan verilməsin?
Məsciddə bir dəqiqə də azanla bağlı problem olmayıb,
vaxtlı-vaxtında azan verilir, insanlar azan səsinə durub namaz
qılırlar".
Deputat onunla bağlı videomaterial hazırlayan Mehman Hüseynovu
məhkəməyə verməyəcəyini də deyib:
"Bəziləri mənə məsləhət gördü ki, onu məhkəməyə verim. Mən də
dedim ki, adam gərək məhkəmədə vicdanlı biri ilə üz-üzə
dursun".