Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Axar.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
***
Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış-yanğın nəticəsində Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov yanaraq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.
***
Yanvarın 7-də saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində “SOCAR Petroleum” QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla qeydə alınan yanğın hadisəsi baş verib.
Bu barədə “SOCAR Petroleum" QSC-dən bildirilib.
Partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
Yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan Şamil Zabit oğlu İbrahimov həyatını itirib.