Hesablama Palatasının kollegiyası müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq, 2014-2015-ci illərdə və
2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin yerli
xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Salyan
Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə
və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və
istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri
üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Axar.az Hesablama Palatasına istinadla xəbər verir ki, audit 4
qurumun fəaliyyətini və ümumilikdə 2850,6 min manat məbləğində
vəsaiti əhatə edib. Həmin qurumlar tərəfindən 10150 nəfərə, dövlət
və özəl mülkiyyətdə olan müvafiq olaraq 111,4 min kvadratmetr və
55,7 min kvadratmetr mənzil sahəsinə xidmət göstərilib.
Auditlə əhatə olunmuş qurumlar tərəfindən proqnozların tərtibi
zamanı "Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin
proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq
məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar
iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon
mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması,
yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti
Normaları" nəzərə alınmayıb. Küçə, park və səkilərin süpürülməsi,
təmizlənilməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan
zaman müntəzəm süpürülən, qulluq edilən yaşıllıq sahələrinin və
işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib. Həmçinin küçə,
park və səkilərin süpürülməsi, təmizlənilməsi xərclərinin icrası
zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib, malların
(işlərin və xidmətlərin) satın alınması zamanı mövcud
qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib,
iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə
xitam verilməsi ilə nəticələnib.
Əsaslı təmir işlərinin yerinə yetirilməsində tikinti norma və
qaydalarının tələblərinə riayət edilməməsi yolun istismar
müddətinin azalmasına səbəb olub, həmçinin yolun kənar hissələrində
norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən
yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan
çıxmasına öz təsirini göstərib. Mənzil fondunun əsaslı təmiri
işləri aparılmış bir sıra obyektlərdə işlər podratçılar tərəfindən
tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi
səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz aparılıb,
küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda
vəsait ödənilib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları
tərtib edilməyib.
Bəzi işçilərə faktiki işləmədikləri halda əməkhaqqı ödənilib,
təmizlik işlərinə xidmət məqsədilə vəzifələr müəyyənləşdirilərkən
əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb. Bəzi
vəzifələr üzrə əməkhaqqı düzgün müəyyənləşdirilməyib və nəticədə
artıq əməkhaqqı ödənilib.
Nəzərə çatdırılıb ki, auditlə əhatə olunan qurumlar tərəfindən
ağac və əkin materiallarının alınması məqsədilə təhtəlhesab şəxsə
verilmiş vəsait təsdiqedici sənədlər tam olmadan silinib. Bir sıra
hallarda isə faktiki işləməyən işçilərə əməkhaqqı hesablanıb və
kassada saxlanılaraq digər məqsədlərə xərclənib. Əmlak və
öhdəliklərin illik inventarizasiyası aparılmayıb, Milli Mühasibat
Uçotu Standartlarına keçid təmin olunmayıb, əvəzsiz olaraq
istifadəsinə verilmiş çoxillik əkmələr, ağaclar və çəmənlər uçota
alınmayıb.
Hesablama Palatasının kollegiyası Salyan Rayon İcra Hakimiyyəti
və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən
yol verilmiş nöqsanların əsasən audit dövründə aradan
qaldırıldığını nəzərə almaqla, müəyyən edilmiş digər nöqsan və
çatışmazlıqların qısa müddətdə ləğv edilməsi, həmçinin nöqsanlara
yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb
edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata
keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi
məqsədilə qərarın surəti Salyan Rayon İcra Hakimiyyətinə
göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.