Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə
Festivalı keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və
təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli
Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının
köməkliyi ilə Qəbələ şəhərindəki "Qafqaz Karvansaray" otelinin
qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran,
Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin
şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil
edən mürəbbə ustaları öz məhsullarını nümayiş
etdiriblər.
APA-nın xəbərinə görə, Dünya Kulinariya
Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının
eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət
və Turizm Nazirliyinin, Qəbələ rayon İcra Hakimiyyətinin,
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə
ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici
turist olub. Festivalın açılış mərasimində mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar
Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya
Mərkəzinin direktoru Tahir Əmiraslanov, festivalın münsiflər
heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti
Əkbər Umarov çıxış edib.
Bildirilib ki, artıq 4 ildir ki, Qəbələ möhtəşəm mürəbbə
festivalına ev sahibliyi edir. 2013-cü ildə bu festivalda 11,
2014-cü ildə 20, ötən il və bu il isə 30 şəhər və rayondan, eləcə
də ötən il 6 və bu il isə 10 xarici ölkədən şirniyyatçıların
iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da
artmasından xəbər verir. Natiqlər qeyd ediblər ki, belə
festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi
mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Natiqlər
Beynəlxalq Mürəbbə Festivalının Azərbaycanın qədim və gözəl
şəhərlərindən biri olan Qəbələdə keçirilməsinin heç də təsadüfi
olmadığını vurğulayıblar. Bildirilib ki, böyük inkişaf yolu keçən
Qəbələ xalqımızın mətbəx mədəniyyətinin formalaşmasında mühüm rol
oynayır.
Natiqlər artıq bir çox rayonda beynəlxalq nüfuza malik olan
şirniyyat, nar, plov, alma, qarpız, paxlava və digər meyvə-tərəvəz
məhsulları və qida məhsulları ilə bağlı festivalların
keçirildiyini, bu mürəbbə festivalının da ölkəmizə turist axınına
səbəb olan beynəlxalq tədbirlərdən biri olduğunu bildiriblər.
Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə
digər ölkələrin məhsulundan daha üstün hesab edilib. Qeyd edilib
ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək
məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər
birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda,
eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq
tətbiqi sənəti ustaları iştirak ediblər.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait
yaradılıb və sərgi təşkil olunub.
Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub.
Mürəbbələrin ən yaxşı təqdimatına görə, xarici ölkələr arasında
Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən yaxşı mürəbbə
müsabiqəsində İran birinci, Çin ikinci yeri, mürəbbələrin növ
müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub.
Azərbaycanın rayonları arasında Zərdab (gilas), İsmayıllı
(böyürtkən), Gəncə (çiyələk), Şəki (heyva), Qazax (qoz), Zaqatala
(ərik), Gədəbəy (gül), Qəbələ (gavalı) birinci yeri tutub. Ən
qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə
mürəbbəsi), çeşidinə görə ən çox mürəbbənin təqdimatına görə Bakı
komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları, mürəbbə
hazırlayan müəssisələr arasında isə "Gilan Holdinq" şirkəti birinci
yerə çıxıb.
İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim
olunub.
Festival maraqlı konsert proqramı ilə davam etdirilib.