Azərbaycan Respublikası Hesablama Palatasının
kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq
dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-mart
aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial
Müdafiəsi Mərkəzinə (Mərkəz) ayrılmış vəsaitlərin istifadəsinə dair
həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək
təsdiqləyib.
Axar.az xəbər verir ki, 2014-cü il ərzində 16 min 400 nəfəri
əhatə edən 4222, 2015-ci il ərzində 17 min 224 nəfəri əhatə edən
4451, 2016-cı ilin I rübündə isə 3309 nəfəri əhatə edən 848 olmaqla
cəmi 9521 ailəyə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyinatı
aparılıb, 2014-cü ildə 212, 2015-ci ildə 142, 2016-cı ilin I
rübündə isə 29 olmaqla cəmi 383 ailəyə müxtəlif səbəblərdən imtina
haqqında qərar verilib. Audit prosesində risk əsaslı seçmə həyata
keçirilib və araşdırma həmin işlər üzrə aparılıb.
ÜSY-nin adambaşına düşən orta məbləği 2014-cü ildə 37,37 manat,
2015-ci ildə 41,65 manat, 2016-ci ilin I rübündə isə 39,70 manat
təşkil edib.
Sosial müavinətlər və təqaüdlər üzrə mərkəz tərəfindən auditin
əhatə etdiyi dövr ərzində 3206 nəfərə yeni təyinat aparılıb, beş
nəfərə təyin edilən sosial müavinət və təqaüd işi digər əhalinin
sosial müdafiəsi mərkəzlərindən daxil olub, 1037 sosial müavinət
işinin ödənişi müəyyən səbəblərdən dayandırılıb, 332 müavinət və
təqaüd işi üzrə sosial müavinət və təqaüd alan şəxs vəfat edib, 243
iş üzrə sosial müavinət alana ödəniş əmək pensiyası hüququ
yaranması ilə əlaqədar dayandırılıb.
ÜSY təyinatı üzrə bir sıra hallarda qanunvericiliyin tələblərinə
əməl edilməyib, 56 iş üzrə ailənin əmək haqqı gəlirləri, 36 iş üzrə
sosial müavinətlərdən, 17 iş üzrə əmək pensiyalarından, 22 iş üzrə
torpaq payından, 11 iş üzrə digər mənbələrdən gəlirləri haqqında,
16 iş üzrə ailənin tərkibi, 2 iş üzrə kredit öhdəliyi, 1 iş üzrə
edilmiş alqı-satqı, 100 iş üzrə ailənin istifadəsində avtomobilin
olması haqqında düzgün və ya tam məlumat verilməyib, 2 iş üzrə
ailənin əmək qabiliyyətli üzvünün işləmədiyi, 16 məcburi köçkün işi
üzrə kommunal xidmətlərə görə ödəmələr düzgün nəzərə alınmayıb, 2
iş üzrə Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbi ailənin
tərkibinə daxil edilib, nəticədə ÜSY üzrə artıq ödəmələr
yaranıb.
Sosial müavinətlər və təqaüdlərin təyinatı və ödənişi zamanı da
qanunvericiliyin bir sıra tələblərinə əməl edilməyib, əmək
pensiyası hüququ olduğu halda 5 iş üzrə əlilliyə görə, 3 iş üzrə
sağlamlıq imkanlarının məhdudluğuna görə, 1 iş üzrə ailə başçısının
itirilməsinə görə, 7 iş üzrə kommunal güzəştlərin ləğv edilməsinə
görə sosial müavinət ödənilib, 16 iş üzrə vətəndaşın vəfat etdiyi
tarix dəqiqləşdirilməyib, 7 iş üzrə səhv hesablamalara yol verilib,
birdəfəlik müavinətlərin ödənilməsində nöqsanlar olub.
Təqdim edilmiş məlumatlara əsasən, auditin başladığı tarixə həm
ünvanlı dövlət sosial yardımı, həm də sosial müavinətlər və
təqaüdlər üzrə bağlanmış hesablarda istifadəsiz qalmış vəsaitlər
mövcud olduğu müəyyən edilib və həmin vəsaitlər audit dövründə
dövlət büdcəsinə qaytarılıb.
Hesablama Palatasının kollegiyası Sumqayıt şəhər Əhalinin Sosial
Müdafiəsi Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit
dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər
nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara
yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb
edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata
keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi
məqsədilə müvafiq təqdimat Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi
Mərkəzinə, kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə göndərilib.
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli
Məclisinə məlumat verilib.
Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası
Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci
illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq
hazırlanıb.
Aparılmış auditin nəticələri açıqlandı