Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Bakının
Vahid Nəqliyyat Konsepsiyası bu ayının sonuna qədər təqdim edilə
bilər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə
Allahyarova Trend-ə bildirib ki, Konsepsiya artıq hazırdır:
"Konsepsiyanın təsdiqi məsələsi qalıb, o da yəqin ki, yaxın
vaxtlarda həllini tapacaq. Sentyabr ayının sonuna qədər
konsepsiyanın ictimaiyyətə və aidiyyəti qurumlara təqdim edilməsi
gözlənilir".
Bundan əvvəl N.Allahyarova Trend-ə bildirmişdi ki, konsepsiyada
yol hərəkəti, sərnişindaşıma ilə bağlı qanunvericilikdən irəli
gələn bütün məsələlər, eyni zamanda qanunvericilikdə ehtiva
edilməyən, ancaq müasir tələblərdən doğan məsələlər öz əksini
tapıb.
O qeyd edib ki, Konsepsiyada sürücü və sərnişin davranışı, eyni
zamanda sürücü-sərnişin münasibətləri ilə bağlı məsələlər öz əksini
tapıb.
N.Allahyarovanın sözlərinə görə, eyni zamanda konsepsiyada
müəyyən olunub ki, indiyə qədər Bakının nəqliyyatla bağlı ən böyük
problemi sərnişin axınının müəyyən olunmamasıdır:
"Sərnişin axını çox qeyri-pərakəndədir. Tutaq ki, Bakıətrafı
qəsəbələrdən gələn marşrut xətlərinə verilən avtobusların sayı
orada olan sərnişin sayı ilə tərs mütənasibdir. Amma şəhər
mərkəzində pik saatları çıxmaqla marşrut xətlərində bəzi avtobuslar
var ki, onlar boş gedib gəlir. Bakı inzibati ərazisi boyunca həm
marşrut xətlərində, həm də taksilərdə sərnişin axını müəyyən edilib
və optimal variantlar təklif olunacaq".
N.Allahyarova həmçinin bildirib ki, Bakıda yollarda sıxlığın
qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi pik saatlarda
vətəndaşların işdən çıxma vaxtlarının bir qədər fərqli edilməsi ilə
bağlı müfaviq qurumlara təkliflər göndərib:
"İş vaxtları həm saat 08:00-dan 17:00-a qədər, həm də saat
09:00-dan 18:00-a qədər müəyyən edilsin. Bu iki variantın hər
ikisinin tətbiq olunması saat 18:00-da hamının eyni vaxtda işdən
çıxması probleminin və tixacın qarşısının alınmasına yardımçı olar.
Nəqliyyat sistemi ilə bağlı bütün bu və digər məsələlər
konsepsiyada öz əksini tapıb".