Hesablama Palatasının Kollegiyası müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli
xərclərindən 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil
Müəssisələri və Uşaq Evləri İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin
proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata
keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək
təsdiqləyib.
APA-nın məlumatına
görə, İdarənin nəzdində 344 məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir ki, onlardan da 30-u Yasamal, 18-i Səbail, 23-ü
Qaradağ, 34-ü Binəqədi, 37-si Nəsimi, 24-ü Nizami, 28-i Nərimanov,
41-i Sabunçu, 23-ü Xəzər, 3-ü Pirallahı, 48-i Xətai, 35-i Suraxanı
rayonlarındadır.
Məktəbəqədər təhsil müəssisələrində 2135 vahid proqnoza qarşı 1971
vahid qrup yaradılıb ki, bu da məktəbəqədər təhsil müəssisələrinin
mövcud potensialının 92,3%-i deməkdir. 2016-cı ildə 40627 uşaq
yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37322 uşaq cəlb
olunub, həmin uşaqlardan yaradılmış qrupların 1624 ədədi və ya 82,4
%-i böyük (3-6 yaş), 347 ədədi və ya 17,6 %-i körpə (2-3 yaş)
qruplardan ibarət olub. Yaradılmış qrupların 1833-ü 5 günlük 12
saatlıq, 35-i 5 günlük 10,5 saatlıq, 1-i 5 günlük 9 saatlıq,17-si 6
günlük 12 saatlıq, 72-si 6 günlük 10 saatlıq, 6-sı 6 günlük 24
saatlıq və 7-si 7 günlük 24 saatlıq iş rejimi ilə fəaliyyət
göstərir.
Məktəbəqədər uşaq müəssisələrindən başqa, İdarənin nəzdində 3 uşaq
evi fəaliyyət göstərir ki, bu müəssisələrdə də 525 uşaq yerinə
qarşı 485 uşaq, o cümlədən 1 nömrəli Uşaq Evi üzrə 108 uşaq, 2
nömrəli Uşaq Evi üzrə 274 uşaq və 3 nömrəli Uşaq Evi üzrə 103 uşaq
tərbiyə olunur. Onlardan 100 nəfəri 3-6 yaş, 385 nəfəri isə 7-16
yaş arasındadır. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və
Uşaq Evləri İdarəsinə dövlət büdcəsinin yerli xərclərindən auditin
əhatə etdiyi dövrdə ayrılmış vəsaitlər 2014-cü ildə 98,9% (o
cümlədən 2014-cü ilin ikinci yarısında 99,4%), 2015-ci ildə 91,9%
və 2016-cı ilin ilk rübündə 61,7% icra edilib, icra prosesində dörd
halda xərclər smetasında dəqiqləşdirilmə aparılıb.
İdarə tərəfindən büdcə vəsaitlərinə tələbatın hazırlanması
prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq
evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər
tələb edilməyib, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin
icrası nəzərə alınmayıb. Bəzi xərclər üzrə tələbatdan artıq
təkliflər təqdim edilib, bir sıra xərc istiqamətləri üzrə təklif
olunan məbləğlər kifayət qədər əsaslandırılmayıb. Eyni zamanda Bakı
şəhərinin müvafiq rayonları üzrə, həm də rayon daxili məktəbəqədər
uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günlərinin düzgün
müəyyənləşdirilməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci
proqnozu və faktiki xərci əhəmiyyətli şəkildə fərqli olub.
Müəssisələrin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən
məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə
də təsərrüfat malları alınıb. İdarə tərəfindən satın alınan
malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi,
funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi,
"Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai
müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi"
barədə müvafiq qərarın tələblərinə bir sıra hallarda əməl
edilməməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin
uçota qəbul edilməməsi kimi nöqsanlara yol verilib. Müvafiq
normativ-hüquqi aktların bəzi tələblərinə əməl edilməyərək bir sıra
hallarda ümumi orta təhsilli və ya kurs qurtarmış şəxslər ali və
orta ixtisas təhsili tələb olunan vəzifələrə təyin edilib. Auditlə
əhatə olunan dövrdə sayğacların quraşdırılması, çəkilişi və təmiri
ilə əlaqədar vəsait nəzərdə tutulduğu halda 10 məktəbəqədər uşaq
müəssisəsində su sayğacları quraşdırılmayıb, nəticədə su
xərclərinin ödənilməsi zamanı büdcə vəsaitlərinin səmərəsiz
istifadəsinə şərait yaradılıb.
Hesablama Palatasının Kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil
Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş
nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə
almaqla, müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində
aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli
şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə
cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata
keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi
məqsədilə qərarın surəti Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı
Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə
göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.