Bakıda avtomobil yollarında piyada zolaqlarının
silinməsi sürücülərin narazılığına səbəb olub.
Trend xəbər
verir ki, paytaxtın
mərkəzi hissəsi hesab edilən bəzi avtomobil yollarında yol
örtüyündəki piyada zolaqları silinib, bəziləri isə ümumiyyətlə
görünmür. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və
sürücülərin cərimələnməsinə səbəb olur.
Görəsən, yollardakı bu cür piyada zolaqları niyə vaxtında
rənglənmir və bu prosesə hansı qurum nəzarət edir?
Ekspert Ərşad Hüseynov bildirib ki, yollarda piyada zolaqları
hər il təzələnməli və həmin zolaqlar xüsusi parlaqlığa malik ağ
rəngli boyalarla rənglənməlidir:
"Bu zolaqların müddəti bir ildir. Yəni hər il bu zolaqlar
yenilənməlidir. Amma buna baxmayaraq, piyada zolağı silinərsə,
yenidən rənglənməlidir".
Ə.Hüseynov qeyd edib ki, yol nişanlarının rənglənməsinə nəzarəti
qanunvericiliyə əsasən Respublika Baş Dövlət Yol Polisi İdarəsi
həyata keçirməlidir:
"Amma faktiki olaraq bu işi həm də "Azəravtoyol" Açıq Səhmdar
Cəmiyyəti həyata keçirir. Hər iki qurum bu işə nəzarət etməli,
yollarda piyada zolaqlarının rənglənməsini həyata
keçirməlidir".
Ekspertin sözlərinə görə, sürücülər piyada zolaqları ilə yanaşı,
yol kənarında piyada zolağını göstərən nişanlara fikir verməli və
həmin nişanlar üzrə hərəkət etməlidir:
"Amma piyada keçidləri üçün nəzərdə tutulan yerlərdə yol nişanı
ilə yanaşı, piyada zolaqlarının olması da vacibdir. Əgər yol örtüyü
təkmilləşdirilirsə, piyada zolağı ilin bütün fəsillərində tam
standartlara uyğun olmalıdır. Hətta qışda qar yağarkən piyada
zolağı qarla örtülürsə, mütləq təmizlənməlidir. Çünki piyada zolağı
aydın görünməlidir".
Ə.Hüseynov həmçinin qeyd edib ki, yollarda texniki vasitələrin
olmaması və ya qaydasında olmaması yollarda qəzalar və digər
xoşagəlməz halların baş verməsinə səbəb olur.
Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi
İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirib
ki, yollarda sürücü üçün əsas piyada zolaqları deyil, yol
nişanlarıdır: "Sürücü yol nişanlarına baxıb avtomobili həmin
nişanlara görə idarə etməlidir. Sürücü üçün əsas nişandır. Çünki
sürücü nişanı xətdən əvvəl görür. Sürücü əvvəlcə qarşıda
nizamlanmayan piyada keçidinin olması nişanını görməlidir. Həmin
ərazidə piyada keçidi pozulsa da, sürücü avtomobili saxlayıb
piyadaya yol verməlidir".