Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki,
ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər
hələ də aktuallığını saxlamaqdadır.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı
Əflatun Amaşov Trend-ə açıqlamasında deyib.
Ə.Amaşov bildirib ki, işini zamanın tələblərinə uyğun şəkildə
quran onlayn media vasitələri az deyil:
"Ötən müddətin təhlili göstərir ki, məhz onların fəaliyyəti
nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul
olunduğunu söyləmək mümkündür. Peşəkar yanaşma tərzi ilə seçilən
internet media resursları ictimai rəyi doğru yönləndirmək
missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam
yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə
çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki,
ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz
ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik
fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu
da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya
texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət
yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə
qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin
də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv
meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı
vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı
səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə
daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir.
Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun
özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir".
Ə.Amaşov onlayn medianın problemlərindən söz açarkən
təhsil məsələsini də ön plana çəkib. O bildirib ki, yeni mediada
əsasən gənclər təmsil olunurlar:
"Düşünürəm ki, burada təhsil məsələsi əsasdır. Yəni bəzən
problemlərin bir çoxu elementar bilik səviyyəsinin yoxluğundan
qaynaqlanır. Vəziyyət belə qurulub ki, adi savadı olmayanlar da
onlayn medianın sayəsində özlərinə meydan tapıblar. Əslində bu
sayaq məsələlərdən çox danışılıb. Əlbəttə, diskussiyalar faydasını
verir. Ancaq onu da düşünək ki, internet media resurslarının sayı
artır. Artım müzakirələrin faydalılıq əmsalını aşağı salır".
Deputat onlayn mediadakı xoşagəlməz hallarla mübarizədə ictimai
müzakirələrin aparılması ilə yanaşı, hüquqi addımların atılmasını
da vacib sayıb.
Onlayn medianın hüquqi bazasının yaradılmasının
zəruriliyindən söz açan Ə.Amaşov bildirib ki, onlayn medianın
hüquqi bazasının mövcudluğu dövlət və millət üçün taleyüklü
məsələlərə baxışın monolitliyi baxımından son dərəcə müstəsna
əhəmiyyət daşıyır:
"Bilirsiniz ki, qarşıdan referendum gəlir. Media prosesdə necə
iştirak etməlidir? Bu məsələlər bizi düşündürür. Çunki referendumda
nəzərdə tutulan dəyişikliklər dövlət orqanlarımızın fəaliyyətinin
daha da təkmilləşdirilməsinə xidmət edir. Əlbəttə, ənənəvi media
ilə bağlı konkret təcrübə var. Üstəlik qanunlarımız və Mərkəzi
Seçki Komissiyasının konkret təlimatları da bu sahədə tənzimləyici
rol oynayır. Ancaq qanunların və təlimatların əhatə dairəsi
məsələsini də nəzərdən qaçırmamalıyıq. Düşünürəm ki, onlayn media
da bu dairəyə daxil olmalıdır. Çünki ictimai rəy əsasən onların
vasitəsi ilə formalaşır. Bu mənada sosial şəbəkələrin rolu da
vacibdir. Faktiki olaraq sosial şəbəkələr onlayn media məhsulunun
yayılma arealı kimi çıxış edirlər. Deməli, bu sahəyə, orada
yerləşdirilən materiallara həssas yanaşılmalıdır. Sosial şəbəkələrə
həssas yanaşmanı təmin edən isə təkcə onlayn media deyil. Hər bir
dövlət qurumunun və onun cəmiyyətə informasiya verilməsinə məsul
bölməsinin də mövcud məkandakı aktivliyi mütləqdir".