Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük
xidməti general-leytenantı Səfər Mehdiyevin APA-ya müsahibə
verib.
Müsahibəni təqdim edirik:
- Qlobal maliyyə-iqtisadi böhran və dünya bazarında
neftin qiymətinin ötən illərlə müqayisədə 3-4 dəfə düşməsi
Azərbaycan iqtisadiyyatına, həmçinin milli iqtisadiyyatın
inkişafında mühüm rola malik gömrük xidmətinin işinə necə təsir
göstərib?
- Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu
iqtisadi siyasət nəticəsində neftdən gələn gəlirləri qeyri-neft
sektoruna şaxələndirmə prinsipi əsasında yönəltməklə, ölkənin
istehlak bazarında yerli məhsul bolluğu yaranıb, ixrac yönümlü
məhsulların stimullaşdırılması ilə əlaqədar iqtisadi islahatlar
həyata keçirilməkdədir.
Azərbaycanda artıq post-neft dövrü başlayıb. Qeyri-neft sektorunun
inkişafına yönəldilmiş tədbirlər kompleks şəkildə həyata
keçirilməklə istehlak bazarında yerli mallarla idxal malları
arasında rəqabətlilik mühiti yaranıb. Bu isə öz növbəsində bazarda
malların qiymətlərinin tənzimlənməsinə gətirib çıxarır.
Son dövrlər gömrük sistemində aparılan islahatlar nəticəsində
gömrük infrastrukturu modernləşdirilib, dövlət büdcəsinin gəlirləri
artıb, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif
tənzimlənməsi tədbirləri daha geniş tətbiq edilib, gömrük
sistemində avtomatlaşdırılmış idarəetmə və informasiya
texnologiyaları tam tətbiq edilib, gömrük nəzarətinin həyata
keçirilməsinin səmərəliliyi artırılıb, gömrük tarif siyasəti
təkmilləşdirilib və inkişaf etdirilib, gömrük işi sahəsində
hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Həmçinin ölkənin
sosial-iqtisadi inkişafında gömrük sisteminin rolu artırılıb,
gömrük tənzimlənmə vasitələri beynəlxalq miqyasda qəbul edilən
tənzimlənmə vasitələrinə uyğunlaşdırılıb, ticarət-iqtisadi
münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin
sadələşdirilməsində əlverişli şərait yaradılıb.
- Lakin bəzi biznesmenlər, iqtisadçılar və siyasətçilər
mediadakı çıxışlarında qeyd edirlər ki, bu ilə qədər hər hansı
şirkət 10 məhsul idxal etmək istəyirdisə, onlardan yalnız 3-ü
qanunu yolla idxal edilir və idxal rüsumları tətbiq edilirdi. Digər
7 məhsul isə daha aşağı ödəniş müqabilində qeyri-rəsmi yolla idxal
edilirdi. Səsləndirilən fikirlərə Sizin münasibətiniz
necədir?
- Bəli, belə fikirlər bəzi ekspertlər tərəfindən mətbuatda mütəmadi
olaraq səslənir. Onu da qeyd edək ki, bunu söyləyən ekspertlər
beynəlxalq məlumat resurslarına, xüsusən ölkələrarası ticarətin
gömrük statistikası göstəricilərinə istinad edirlər.
Bununla bağlı dəfələrlə mətbuatda tərəfimizdən açıqlamalar
verilməsinə baxmayaraq, onlar yenə də yanlış mülahizələr əsasında
cəmiyyətdə gömrük orqanlarına qarşı qərəzli və neqativ fikirlər
formalaşdırırlar. Bir daha bildirərəm ki hər ilin sonunda
Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinə dair
göstəricilər digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə
olunur və göstəricilər arasında olan fərqlər ciddi araşdırılır.
Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin
formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük
statistikasının metodologiyasını bilmədən malların gömrük
rəsmiləşdirilməsinə şübhə ilə yanaşmaq qeyri-peşəkarlıqdır.
Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi zamanı
bir çox amilləri nəzərə almaq lazımdır. Burada malın mənşə ölkəsi,
göndərən ölkə, malın təyinat ölkəsinin böyük əhəmiyyəti var.
Xüsusən, müharibə aparan ölkələrdə hərbi təyinatlı və digər məxfi
və konfidensial malların qeydiyyatı spesifik qaydada həyata
keçirilir.
Məsələn, ötən il Azərbaycana Gürcüstandan təxminən 100 milyon
dollarlıq mal idxal olunub. Bu o deməkdir ki, gətirildiyi ölkədən
asılı olmayaraq Azərbaycana bu həcmdə Gürcüstan mənşəli mal idxal
olunub. Göndərən ölkə üzrə statistika göstərir ki, Gürcüstandan
Azərbaycana təxminən 3 dəfə çox mal göndərilib. Yəni, Gürcüstandan
gətirilən malların yalnız 1/3 Gürcüstan mənşəlidir, qalan hissəsi
isə digər ölkələrdə istehsal olunduğu üçün həmin ölkələrdən bizim
ölkəyə idxal kimi qeyd edilir. Məsələn, Almaniyadan ölkəmizə
təxminən 700 milyon dollardan artıq, həmin ölkədən isə Azərbaycana
cəmi 600 milyon dollardan az mal göndərilib. Buradan görünür ki,
Gürcüstandan Azərbaycana idxal olunan malların bir hissəsi Almaniya
mənşəlidir. Bu rəqəmlərdən istifadə edən ekspertlərimiz Sizin
dediyiniz məsələni, yəni malların 10-dan 3-nün rəsmiləşdirilməsini,
qalan hissəsinin rəsmiləşdirilməməsini qeyd edirlər. Gördüyünüz
kimi, qeyd olunan faktları nəzərə almadan belə məsələlərin bu
formada ictimaiyyətə çatdırılmasında qərəzli yanaşmalar var.
Beynəlxalq metodoloji tövsiyələrdə qeyd olunur ki, dövlətlərarası
ticarət əlaqələrinə dair müqayisə aparılarkən idxalın həcmini malı
göndərən ölkə üzrə hesablamaq daha məqsədəuyğundur.
Nəzərə almaq lazımdır ki, dövlətlərarası ticarətin gömrük
statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri
beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və
bu sahədə geniş elmi-tədqiqat işləri aparılır, amma hələ də vahid
praktiki beynəlxalq tövsiyələr tərtib olunmayıb.
Xarici ticarət əlaqələrinin müqayisəli təhlili göstərir ki,
dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur. Məsələn, BMT-nin
rəsmi internet saytındakı məlumatların müqayisəsi göstərir ki, ABŞ
və Çin arasında mallar üzrə ikitərəfli ticarət arasındakı fərqlərdə
artım tendensiyası davam edib və son illərdə bu fərqlər təxminən
100 milyard dollara çatıb. Digər bir misala baxsaq, görərik ki,
Rusiya Niderlanda 76 milyard dollar həcmində mal ixrac etdiyi halda
Niderlanda Rusiyadan idxal 2.9 dəfə az – yəni, 26 milyard dollar
olub. Bu isə 50 milyard dollar fərq deməkdir. Onda, bizim
ekspertlərin "metodologiyasına" görə Çindən ABŞ-a idxal olunan
malların 50 faizi, Rusiyadan Niderlandda idxal olunan malların isə
60 faizi rəsmiləşdirilməyib. Sizcə, bu formada yanaşma
düzgündürmü?
Hələ "Rotterdam effekti"nin təsiri haqqında faktları qeyd etmirik.
Azərbaycan neft ixracatçısı ölkələri sırasına daxildir və
"Rotterdam effekti" də Azərbaycanın xarici ticarətin gömrük
statistikasında da özünü göstərir. Nəzərə almaq lazımdır ki, Avropa
ölkələri arasında gömrük sərhədlərinin olmaması "Rotterdam
effekti"ni daha da qabarıq şəkildə göstərib, yəni bir ölkənin ixrac
göstəriciləri digər ölkənin ixracına aid edilib. Məsələ ondadır ki,
Azərbaycan neftinin əsas hissəsi İtaliyadakı terminala ixrac edilir
və Azərbaycandan İtaliyaya ixrac kimi qeyd olunur, sonradan digər
Avropa ölkələrinə satılır. Almaniya, Fransa, Çexiya Respublikası
həmin nefti İtaliyadan almaqlarına baxmayaraq, neftin mənşə ölkəsi
Azərbaycan olduğu üçün rəsmi statistikalarında Azərbaycandan idxal
kimi göstərilir. Onda, bizim ekspertlərin "metodologiyasına"
əsaslansaq, qeyd etməliyik ki, Azərbaycandan İtaliyaya ixrac olunan
neft İtaliyaya idxal olunmadığı üçün, ümumiyyətlə, İtaliya gömrüyü
tərəfindən rəsmiləşdirilməyib. Bu düzgündürmü?
Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalı onunla xarici
iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına
bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda
dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə fərqlərin yaranma
səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir,
araşdırır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata
keçirir.
- Ekspertlər daha bir məsələni tez-tez vurğulayırlar ki,
gömrük rəsmiləşdirilməsi zamanı malların gömrük dəyərlərinin
qiyməti faktiki qiymətdən aşağı göstərilir və nəticədə gömrük
rüsumları süni şəkildə aşağı salınır. Bu məsələyə münasibətinizi
bilmək istərdik...
- Bəli, belə müzakirələr çox olur, amma qeyd edək ki, bütün bunlar
hamısı peşəkar fikirlər deyil, sadəcə şəxsi mülahizələrə və əsası
olmayan faktlara söykənir. Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə
əsasən, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli
qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və
nəqliyyat vasitələrinin bəyan edilməsi" Qaydalarına uyğun olaraq
gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən
şəxslər həmin qaydalarda qeyd olunan digər sənədlərlə birlikdə
idxal olunan malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən
sənəddə (invoys) göstərilən məlumatların düzgünlüyünə və tamlığına
görə cavabdehdir.
"Gömrük tarifi haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən
bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən
edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən
və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə və "Gömrük tarifi haqqında"
Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük
dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı
məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq
hüququna malikdirlər.
Lakin xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük
dəyərləndirilməsi ilə bağlı gömrük orqanlarının qərarlarından
narazı qalarlarsa, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət
edərək, idxal etdikləri malın bazar qiymətlərindən çox aşağı
qiymətə aldıqlarını sübuta yetirən faktları təqdim edə
bilərlər.
- Bəzən qeyd olunur ki, Azərbaycanda idxal mallarına tətbiq
olunan gömrük rüsumları digər ölkələrlə müqayisədə daha yüksəkdir.
Bu doğrudurmu? Əgər yüksək deyilsə bunu necə izah
edərsiniz?
- Bir sıra iqtisadçılar, bankirlər və sahibkarlar tərəfindən qeyd
olunur ki, cari ilin əvvəlindən Dövlət Gömrük Komitəsində aparılan
radikal xarakterli islahatlar, idxal mallarına tətbiq olunan gömrük
ödənişlərinin alınmasında şəffaflığı təmin edib, lakin vergi və
rüsumların yüksək olması şikayətlərə səbəb olub.
Bu fikirlərin heç bir əsası yoxdur. Çünki Azərbaycanda idxal
mallarına tətbiq olunan 18% Əlavə Dəyər Vergisi (ƏDV) əksər dünya
ölkələrində tətbiq olunan ƏDV dərəcəsindən daha aşağıdır. Əsrlərlə
oturuşmuş iqtisadiyyata malik Almaniya Federativ Respublikasında
19%, Estoniyada 20%, Belçikada 21%, Avstriyada 20%, Danimarkada
25%, Macarıstanda 25% və s. ƏDV tətbiq olunur.Digər tərəfdən xarici
iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal olunan mallara
görə alınan 18% ƏDV mövcud qanunvericiliyə görə satış zamanı geri
qaytarılır.
Son on üç ildə sosial-iqtisadi sahədə böyük uğurlar əldə etmiş
ölkəmizdə xarici ticarət siyasəti kifayət qədər liberallaşdırılıb,
maksimum tarif dərəcələri 15%-ə endirilib.
Bu gün mövcud normativ-hüquqi aktlara əsasən idxal mallarına mal
mövqeyindən, yəni malın kodundan asılı olaraq 0,5%, 1%, 3%, 5%, 10%
və 15% həcmində idxal rüsumu tətbiq olunur. Bu da digər ölkələrlə
müqayisədə çox aşağı rüsum dərəcəsi sayılır. Belə ki, Türkiyədə bir
sıra mallara 80-250% dərəcəsində, Rusiya Federasiyasında 15-80%,
Avropa ölkələrində 40-80% dərəcəsində idxal rüsumları tətbiq
olunur. Digər tərəfdən daha yüksək rüsum dərəcələrinin tətbiqi
yerli məhsulların rəqabətliliyinin qorunmasına xidmət edir.
Bu baxımdan, Azərbaycanda idxal mallarına tətbiq olunan ən yüksək
rüsum dərəcəsinin 15% olması heç də qiymət artımına və ya
şikayətlərə səbəb ola biləcək amil deyil.
- Milli valyutanın iki dəfə devalvasiyaya uğraması və üzən
məzənnə rejiminə keçidin gömrük ödənişlərinin artımına öz təsirini
necə göstərib? Bəzi ekspertlər iqtisadiyyatın kiçilməsinə
baxmayaraq gömrük sisteminin gəlirlərinin 2016-cı ilin 6 ayında
ötən il ilə müqayisədə 30% artdığını qeyd edir. Bu fikirlərə
münasibətinizi bilmək istərdik...
- Dövlət Gömrük Komitəsində aparılan islahatlar, eyni zamanda idxal
mallarını xarici valyutada alınaraq ölkə ərazisinə gətirməklə
gömrük ödənişlərinin Mərkəzi Bankın həmin günə müəyyənləşdirdiyi
manatın məzənnəsinə uyğun olaraq alınması nəticə etibarı ilə idxal
vergi və rüsumlarının artımına öz təsirini göstərir. Belə ki, cari
ilin ilk 8 ayı ərzində qanunla müəyyənləşdirilən 1 milyard 156
milyon 130 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 1
milyard 426 milyon 840 min manat gömrük ödənişləri toplanaraq
dövlət büdcəsinə köçürülüb, proqnoza 123,42 faiz əməl olunub. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə isə büdcə öhdəliyi 39,3% artıq
yerinə yetirilib.
Bu baxımdan milli valyutanın iki dəfə devalvasiyaya uğraması və
üzən məzənnə rejiminə keçid illik büdcə öhdəliyinin ötən illərlə
müqayisədə artıqlaması ilə yerinə yetirilməsini təmin edir.
Ümumiyyətlə, dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran
şəraitində ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf
əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu
təşkilatların diqqətini getdikcə cəlb edir. Hazırda Azərbaycanın
adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül
yerlərdə göstərilir. Beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edən
Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən
infrastruktur layihələri və müxtəlif məqsədyönlü tədbirlər düzgün,
düşünülmüş strategiyaya əsaslanır və ölkənin davamlı inkişafına
istiqamətlənir.