Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik
edilir.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini
tapıb.
Qanunun 1-ci maddəsinin ikinci hissəsinə təklif edilən
dəyişikliyə əsasən, şəhid ailəsinin üzvü hesab edilmə halları
artırılır.
Təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində
təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların
magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab
edilir.
Hazırda qüvvədə olan həmin qanunun 1-ci maddəsinin ikinci
hissəsinə əsasən isə, texniki peşə, orta ixtisas məktəblərində və
ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri bitirənədək
şəhid ailəsinin üzvləri hesab edilir.
Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, "texniki peşə,
orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil
alanlar bu məktəbləri" sözləri "ilk peşə-ixtisas təhsili, orta
ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura
səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi
təşkilatların magistratura səviyyəsini" sözləri ilə əvəz
edilir.
Həmin qanunun 3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən
isə, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi
halları artırılır. Belə ki, təklif edilən dəyişikliyə əsasən,
yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada
təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil
haqqını ödəməkdən azad olunurlar.
Qeyd edək ki, nəzərdə tutulan güzəştlər 23 yaşı tamam olmamış
şəxslərə şamil edilir.