Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nurəli Adil oğlu Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, N.Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub.
O, 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyası) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu elektrik sistemlərinin kibernetikası ixtisası üzrə bitirib.
1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçeri, baş mühəndisin müavini, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin baş direktorunun müavini olub. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutunun direktoru vəzifələrində işləyib. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olub.
Bundan başqa, 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.
N.Yusifbəyli 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilib.
Azərbaycan Respublikası təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun tədris işləri üzrə prorektoru təyin olunub.
MDB üzv ölkələrin Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "MDB-nin əməkdar energetiki" fəxri adına layiq görülüb.
Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına, Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə "Qızıl Buta" mükafatına, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstesalat jurnalının baş redaktorudur.
Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir.
O, 1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, bu təyinata kimi AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərib.
Ailəlidir, iki övladı var.