Fövqəladə Hallar
Nazirliyinin Akademiyasında 15 sentyabr 2016-cı il tarixində "Bilik
günü" münasibətilə tədbir keçirilib.
Axar.az xəbər verir ki, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi,
professor-müəllim heyəti və kursantlar Fəxri Xiyabana gələrək ulu
öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın məzarlarını ziyarət edib, Şəhidlər Xiyabanında
uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək
dəstələri düzüblər.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir
iştirakçılarını "Bilik günü" münasibətilə təbrik edərək tədbiri
açıb.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib, dövlət
bayrağı meydana gətirilib, ilkin hərbi hazırlığı başa vurmuş
kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra Fövqəladə Hallar naziri
general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə
Akademiyanın 2016-cı il məzunlarına "leytenant" hərbi və xüsusi
rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil
ocağını bitirmələri barədə diplomlar təqdim edilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Nicat İsmayılov
xatirə lövhəsini simvolik "Yaş kötüyü"nə vurub.
Mərasimdə iştirak edən Fövqəladə Hallar nazirinin müavinləri -
tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant
Etibar Mirzəyev kursant və məzunları, onların ailələrini FHN
rəhbərliyi adından təbrik edib. Qeyd olunub ki, hərbi and içərək
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan
kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə
hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və
bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. Ulu öndər Heydər
Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar hərbçi kadrların
yetişdirilməsini daim diqqətdə saxladığı və bu müdrik siyasətin
cənab Prezident İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə
davam etdirildiyi vurğulanıb. FHN-in gələcək əməkdaşları olacaq
Akademiya kursantları və məzunlar dərk etməlidirlər ki, onlara
insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli
bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən
layiqincə gəlməlidirlər. Kursantlar Akademiyada təhsil aldıqları
müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim
savadlarını artırmalıdırlar.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov da I kurs
kursantlarını təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O,
Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından
danışıb və bu sahənin ölkə rəhbəri tərəfindən daim diqqətdə
saxlanıldığını vuruğlayıb.
Valideynlər adından çıxış edən Kamil Süleymanlı kursantları
təbrik edib, onlara uğurlar arzulayıb.
FHN Akademiyasına yüksək - 616 balla qəbul olunmuş Nihad Səfərli
kursantlar adından çıxış edərək FHN Akademiyasında təhsil
alacağından qürur hissi duyduğunu bildirib.
Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə
yekunlaşıb.