Bakı Apelyasiya Məhkəməsində Ann.tv saytının əməkdaşı
Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ"
klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən
verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə
salınıb.
Report-un məlumatına görə, hakim Həsən
Əhmədovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına
C.Hüseynovun vəkili Adəm Məmmədov ilkin qərardaddan kassasiya
şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub.
İşə Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, Bakı şəhər sakini, Ann.tv-nin əməkdaşı Rasim
Məmmədəli oğlu Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın
Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək
çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib
və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər
Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal
Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində
həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "Qəbələ" klubunun
sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi
ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində
saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı
ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər
verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd
etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində
əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır
cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət
barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır
cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub
və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı
keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və
S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda),
E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci
(oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi
üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin
hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il,
S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin
307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək
həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd
etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə
dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin
futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4
il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan
C.Hüseynov apelyasiya şikayəti verib.