Bakı-Sumqayıt yolunun 12-ci km-də ("Xırdalan
qəbirstanlığı") yerüstü piyada keçidinin metal konstruksiyasının
quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə nəqliyyat
vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, sentyabr
ayının 17-si saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə
doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri
istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik
bağlanacaq. Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən
gecəyədək tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil
yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə
ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri 16.5-ci
km-dən ( "Vaz dairəsi" ) və ya 13-cü km-dən ( Masazır yol ötürücüsü
) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də "Xırdalan
dairə"nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən
alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə
edə bilərlər.
Yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr
istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını
xahiş edirik.