Cari il sentyabr ayının 14-də Kənd Təsərrüfatı
Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol
verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan
kəsimi ilə bağlı idarənin fəaliyyəti ilə dair daxil olmuş
şikayətlərlə əlaqədar kollegiya iclası keçirilib.
Axar.az-ın məlumatına görə, kollegiya iclasını giriş sözü ilə açan
kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, Qurban bayramı
ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti
gücləndirilmiş iş rejimində işləyib, ət kəsimi məntəqələrində
baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarət
artırılıb, əhalinin ucuz və keyfiyyətli qurbanlıq heyvanları ala
bilmələri üçün lazımi işlər görülüb.
Bununla belə Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt
şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində
baytarlıq nəzarəti zəif təşkil olunub. Qeyd edilib ki, nazirliyə
Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı
vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin baytarlıq
xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə
müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində
nöqsanlara yol verilir.
Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə
təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri
nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə
görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq
İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun
sayılmayıb.
Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən
Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad
edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq
İdarəsinə müvafiq tapşırıq verilib.
İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq
İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru
Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin Laboratoriyanın
laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.
Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt
şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi
qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər
Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.