Dünyanı pulsuz gəzmək istəyən Türkiyə vətəndaşları Dəniz
Akden və Kadır Batuxan Azərbaycana gəliblər. Çətin və macəralarla
dolu səyahətə çıxan gənclərin əsas məqsədi pulsuzluğun arzuların
gerçəkləşdirilməsi üçün maneə olmadığını göstərməkdir.
Axar.az xəbər verir ki, avtostopla dünya səyahətinə çıxan
gənclər Gürcüstandan sonra Azərbaycanın turizm məkanları ilə
tanışlığa başlayıblar.
Sentyabrın əvvəlindən ölkəmizdə olan Dəniz Akden və Kadır
Batuxan daha çox bölgələri gəzərək, təbiətdən zövq almağa üstünlük
verirlər.
Ölkəmizdə avtostopla səyahət populyar olmasa da, pulsuz səyahətə
çıxan qardaş ölkə vətəndaşlarını yolda qoymayıb köməklik etmək
istəyənlərin sayı çox olur. Piyada və ya avtomobillə hərəkət edən
yolçular əsasən özləri ilə daşıdıqları çadırda gecələyirlər. Amma
qonaqpərvərlik göstərib evə dəvət edən yerli sakinlərə də etiraz
etmirlər.
Azərbaycanın bir çox yerini, o cümlədən Qubanı gəzib-dolaşan
səyyahlar yerli sakinlərin onlara münasibətindən çox razı
qaldıqlarını bildiriblər.
Avqust ayında Türkiyədən səyahətə başlayan səyyahlar
Azərbaycandan sonra İrana gedəcəklər. Hindistan, Çin, Yaponiya,
Kanada, ABŞ səyahət edəcəkləri ölkələr sırasındadır.