Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər
Kabinetinə təqdim etdiyi "Məzar yerləri və məzarlıqlar haqqında"
qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən
artıq olmamasını təklif edib.
Bunu Trend-ə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov
deyib.
Onun sözlərinə görə, "dəfn işi" dedikdə yas mərasimi nəzərdə
tutulmur.
G.İsmayılov qeyd edib ki, "dəfn işi" məzar üçün torpağın
ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından
ibarətdir:
"Əgər vəfat etmiş şəxsin iş yeri varsa, "dəfn pulu" dediyimiz
vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin
vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
ödənilir. Biz "Məzar yerləri və məzarlıqlar haqqında" qərar
layihəsində dəfnin məhz bu vəsait hesabına aparılmasını nəzərdə
tutmuşuq. Təklifimizin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün
xərclər bu vəsaitdən artıq olmasın. Biz nəzərdə tuturuq ki, torpaq
pulsuz olacaq. İkincisi, qəbiristanlıqların saxlanılması,
abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına
olacaq. Təklifimizdə də məqsəd odur ki, torpaq pullu olmasın,
ikincisi, qəbirüstü abidələr təmtəraqlı olmasın, üçüncüsü isə
qəbiristanlıqlar normal bir şəkildə fəaliyyət göstərsin".
G.İsmayılov əlavə edib ki, layihədə bir nəfərin bir neçə qəbir
yeri götürməsinə icazə verilmir: "Yəni heç kim 4-5 qəbir yeri
götürə bilməz. İkinci yer o şərtlə verilə bilər ki, həmin yeri
vəfat etmiş şəxsin həyat yoldaşı götürsün. Eyni vaxtda iki nəfərdən
artıq insan üçün məzar yeri verilə bilməz".