2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq
səsverməsi (referendum) ilə əlaqədar nəzərdə tutulmuş genişmiqyaslı
layihələrin həyata keçirilməsi istiqamətində işlər artıq
yekunlaşmaq üzrədir.
Axar.az xəbər verir ki, sentyabrın 22-də Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək
Texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında
yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək,
veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə
tanış olublar.
Qeyd olunub ki, ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə
olan ümumxalq səsverməsinin (referendumun) hazırlanıb
keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Ölkəmiz
müxtəlif çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və
beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya
vasitələrinin nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün
yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər.
Azərbaycanda keçirilən həm seçki, həm də referendumda şəffaflığın
beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün
bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya
texnologiyalarının ən son nailiyyətlərindən də geniş istifadə
olunur ki, bu da prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə,
geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha
dolğun təminatına şərait yaradır.
Azərbaycanda 2008-ci ildən etibarən uğurla tətbiq olunan və
seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən
səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan
istifadə təcrübəsi bu il keçiriləcək ümumxalq səsverməsində
(referendumda) də davam etdirilir. Səsvermə günü seçki
məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün
ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən
20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli
və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların
quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha
da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Səsvermə
günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə
xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq heç bir
qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və
nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə
etmək imkanına malik olacaqlar.