Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, fərmanda deyilir:
“Qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.
Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olan ən mühüm səbəblərdən biri logistik xərclərin yüksəkliyidir. Xüsusilə, yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınmasının dəstəklənməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – ixrac daşıma dəstəyi) ödənilsin.
2. Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – daxili daşıma dəstəyi) ödənilsin.
3. Müəyyən edilsin ki:
3.1. ixrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanır:
3.1.1. ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin:
3.1.1.1. daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 (yetmiş) faizi;
3.1.1.2. daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 (əlli) faizi;
3.1.2. istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin:
3.1.2.1. daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 (on beş) faizi;
3.1.2.2. daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 (beş) faizi;
3.2. ixrac daşıma dəstəyinin yekun məbləğini bu Fərmanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanmış məbləğlərdən ən az olanı təşkil edir;
3.3. daxili daşıma dəstəyinin məbləği Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 (yetmiş) faizini təşkil edir;
3.4. ixrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan dəstək növlərinin:
4.1.1. 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. 2027–2036-cı illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;
4.2. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
4.2.1. ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi qaydasını;
4.2.2. ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
5.1.1. ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısını;
5.1.2. ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını;
5.1.3. müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması qaydasını;
5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Bu Fərmanın 1 – 3-cü hissələri 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədədir.
***
Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin vahid əsaslarla səmərəli tətbiqi sahəsində institusional tənzimləmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) həvalə edilsin.
2. Bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond tərəfindən təmin edilsin.
3. Müəyyən edilsin ki:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-dək, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində tətbiq edilir;
3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatlar tərəfindən sahibkarlıq subyektlərinə təqdim edilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 (on üç) faizdir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 (əlli) faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır;
3.3. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi “Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edənədək həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
4.1.1. altı ay müddətində sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair;
4.1.2. üç ay müddətində, bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı;
4.2. işğaldan azad edilmiş ərazilər istisna olmaqla, bu Fərmanın 3.1-ci bəndi ilə müəyyən edilmiş digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin həcmini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün bir ay müddətində zəruri tədbirlər görsün;
4.4. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn aidiyyəti məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
6.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş mexanizmlərin tətbiq ediləcəyi prioritet sahələri bir ay müddətində müəyyən etsin;
6.2. “Elektron kredit və zəmanət” informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün.
7. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I); 2024, № 2, maddə 159; 2025, № 2, maddə 113, № 8, maddə 761) 3 – 6-cı hissələri ləğv edilsin.
8. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263, № 10, maddə 1124; 2025, № 4 (I kitab), maddə 333, № 7, maddə 657) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 3.2-ci bənddən “və müvəkkil banklardan manatla aldıqları kreditlərə” və “və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən” sözləri çıxarılsın;
8.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” üzrə:
8.2.1. 1.1-ci bənddən “və müvəkkil banklardan manatla aldıqları kreditlərə” və “və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən” sözləri çıxarılsın;
8.2.2. 2-ci hissə üzrə:
8.2.2.1. 2.1-ci bənddən “və müvəkkil banklardan manatla aldıqları kreditlərə” və “və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya” sözləri çıxarılsın;
8.2.2.2. 2.2.2-ci yarımbənddən “müvəkkil banklardan manatla aldıqları kreditlərə, habelə” sözləri çıxarılsın;
8.2.2.3. 2.2.3-cü yarımbənd ləğv edilsin.
9. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 45 (Cild I); 2026, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:
9.1. adında və 1-ci hissədə “İşğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.2. 2-ci hissə üzrə:
9.2.1. 2.1-ci bəndə “olaraq” sözündən sonra “işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən” sözləri əlavə edilsin;
9.2.2. 2.2-ci bənddə “İşğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3. həmin Fərmanla təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” üzrə:
9.3.1. adında “İşğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3.2. 1-ci hissədə “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və işğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3.3. 2-ci hissə üzrə:
9.3.3.1. 2.1.3-cü yarımbənddə “və işğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3.3.2. 2.1.4-cü yarımbənddə “90 (doxsan)” sözləri “işğaldan azad edilmiş ərazilər üzrə 90 (doxsan) faizədək, digər ərazilər üzrə 50 (əlli)” sözləri ilə əvəz edilsin;
9.3.4. 3-cü hissə üzrə:
9.3.4.1. 3.1-ci bənddən “işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən” sözləri çıxarılsın;
9.3.4.2. 3.3.1-ci yarımbənd ləğv edilsin;
9.3.4.3. 3.3.2-ci yarımbənddə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin;
9.3.4.4. 3.6-cı bəndin birinci cümləsində “10 (on) faiz bəndi” sözləri “yarısı” sözü ilə əvəz edilsin və həmin bənddən ikinci cümlə çıxarılsın;
9.3.5. 4-cü hissə üzrə:
9.3.5.1. 4.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.1.1. bir borcalanın bütün müvəkkil təşkilatlar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil təşkilatlar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği isə 10 000 000 (on milyon) manatdan çox olmamalı;”;
9.3.5.2. 4.1.2-ci yarımbənddə “15 (on beş)” sözləri “13 (on üç)” sözləri ilə əvəz edilsin;
9.3.5.3. 4.1.5-ci yarımbənddə “90 (doxsan)” sözləri “işğaldan azad edilmiş ərazilər üzrə 90 (doxsan) faizdən, digər ərazilər üzrə 50 (əlli)” sözləri ilə əvəz edilsin;
9.3.5.4. 4.2-ci bənddə “İşğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3.6. 7-ci hissə üzrə:
9.3.6.1. 7.2-ci bənddə “1” rəqəmi “1,75” rəqəmləri ilə, “50 faizini” sözləri “yarısını” sözü ilə əvəz edilsin;
9.3.6.2. 7.3-cü bənddə “0,5” rəqəmləri “1 (bir)” sözləri ilə əvəz edilsin;
9.3.7. 8.5-ci bəndin üçüncü cümləsində “birdəfəlik” sözü “bir dəfə” sözləri ilə əvəz edilsin;
9.3.8. 10-cu hissə üzrə:
9.3.8.1. 10.1-ci bəndin birinci cümləsində və 10.2-ci bənddə “20” rəqəmləri “50 (əlli)” sözləri ilə əvəz edilsin;
9.3.8.2. 10.3-cü və 10.7-ci bəndlər ləğv edilsin;
9.3.9. həmin Qaydaya əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” üzrə:
9.3.9.1. adında “İşğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3.9.2. 1.1-ci bənddə hər iki halda “İşğaldan azad edilmiş ərazilərdə” sözləri “Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
9.3.9.3. 2-ci hissə üzrə:
9.3.9.3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilən kredit üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun işğaldan azad edilmiş ərazilər üzrə 90 (doxsan) faizədək, digər ərazilər üzrə 50 (əlli) faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin 3.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.”;
9.3.9.3.2. 2.2-ci bəndə “üzrə” sözündən sonra “işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən” sözləri əlavə edilsin;
9.3.9.4. 3.1.3-cü yarımbənddən “sahibkarlıq subyektlərinə ayrılacaq zəmanət məbləğinin 0,5 (sıfır tam onda beş) faizi həcmində” sözləri çıxarılsın;
9.3.9.5. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Bu Sazişin 2.1-ci bəndi nəzərə alınmaqla, Zamin Fondun müraciəti əsasında müvəkkil təşkilat tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) yerinə yetirilməsinə dövlət zəmanəti verir.”;
9.3.9.6. 6.3-cü bəndin üçüncü cümləsində “birdəfəlik” sözü “bir dəfə” sözləri ilə əvəz edilsin.
10. Bu Fərmanın 7-ci hissəsi Fondun bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan mövcud öhdəlikləri tam icra olunduqdan sonra qüvvəyə minir”.