Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının
özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin
səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında"
2016-cı il 19 iyul tarixli Fərmanına və bu sahədəki digər
tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)
tərəfindən açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclar
tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı
ilə keçirilir
Komitədən Axar.az-a verilən məlumata görə, daşınmaz dövlət
əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac sentyabrın
27-də keçirilib. Əvvəlki hərraclarda olduğu kimi, bu dəfə də dövlət
əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi
prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub.
Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar
respublikanın digər regionlarında keçirilən hərracları da canlı
şəkildə izləyə biliblər.
Növbəti hərracda, ümumilikdə, 16 dövlət obyekti özəlləşdirilib.
Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30
faizlik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir.
Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd
təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13
kiçik dövlət müəssisə və obyektinin 4-ü Bakıda, 9-u isə
respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz,
Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu
əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət,
1-i isə qeyri-yaşayış sahəsinə aiddir. Dövlət müəssisələrinin və
səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar
özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya
şərtlərindən faydalanmağa çalışırlar.
Əsasən regionlarda yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi
isə bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına,
müəssisələrin istehsal fəaliyyətinin bərpasına, yeni biznes
subyektlərinin qurulmasına, əlavə iş yerlərinin yaradılmasına və
nəticə etibarilə regionların iqtisadi potensialının artmasına
imkanlar yaradır.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac
oktyabrın 11-də keçiriləcək. Bu hərraca 85 dövlət əmlakı çıxarılıb.
Bunlardan 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və
kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq
səhmdar cəmiyyətləridir. Bundan əlavə, hərraca 30 kiçik dövlət
müəssisə və obyekti də çıxarılıb. Eyni zamanda, hərraca çıxarılan
dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi yer
alıb.
Hərracda iştirak üçün komitənin elektron xidməti
(www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı
satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək
kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə
və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini
göstərən foto və mətn məlumatları Özəlləşmə Portalında əksini
tapıb. Hərraclar barədə həftəlik elanlar isə həm "Mülkiyyət"
qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və
Özəlləşdirmə Portalında yerləşdirilir.