Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və
qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd
olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh
çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Axar.az xəbər verir ki, builki aksiya miqyası və tədbirə
qoşulanların sayına görə əvvəlkilərdən daha geniş olub. Bu il
sözügedən aksiyada 500-dən artıq insan iştirak edib. Tədbirin
təşkilatçıları qismində "Coca Cola" şirkəti, "PAŞA Bank", "Baksell"
mobil rabitə operatoru, "ASAN School" könüllülük məktəbinin "Yaşıl
ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və "Let’s Do It
Azerbaijan" proqramı (letsdoitworld.org) çıxış edib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra
Hakimiyyəti və Təmiz Şəhər ASC-nin dəstəyi ilə keçirilib.
"Artıq yeddi il ardıcıl olaraq "Coca Cola" şirkəti Azərbaycanda
"Coastal Cleanup" aksiyasını təşkil edir. Bizim üçün cəmiyyətin
ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin
rifahı kimi vacibdir. Buna görə, Xəzər dənizinin sahilyanı
ərazilərini zibil və tullantılardan təmizləmək üçün biz çoxlu sayda
insan cəlb etməyə calışdıq ki, onlar da böyük maraq və
məmnuniyyətlə aksiyaya qoşuldular. Yağmurlu və küləkli hava
şəraitinə baxmayaraq, "Coca-Cola" şirkəti öz dostları, onların
ailələri ilə və könüllülərlə birgə aksiya çərçivəsində sahilyanı
ərazini 5 tona yaxın tullantıdan təmizləyə bilib. Sözügedən tədbir
artıq bayrama çevrilib və onun sayəsində təbiət təmizlənir.
Ümid edirik ki, gələcəkdə analoji aksiyaların keçirilməsinə
ehtiyac qalmayacaq, belə ki, çimərliklər təmiz olaraq qorunub
saxlanacaq", - "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə
kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.
"Artıq bir neçə ildir ki, "Baksell şirkəti böyük həvəslə
Sahilyanı Təmizlik aksiyasında iştirak edir. Korporativ sosial
məsuliyyətli şirkət olaraq "Baksell" bu hərəkata qoşulan ilk mobil
rabitə operatoru kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin
təmizliyi və planetimizin sağlamlığına öz töhfəsini vermiş olur. Bu
illər ərzində biz gənclər arasında tədbirə marağın artdığını
müşahidə edirik. Hər il daha çox gənc könüllü bizə qoşulur.
İstəyirik ki, bütün sosial və ekoloji sahələrdə könüllülük etmək
istəyən insanların sayı artsın. Eyni zamanda, insanlar ərtaf mühitə
daha diqqətlə yanaşsın, onu təmiz saxlamağa çalışsın. "Bakcell"
şirkəti böyük məmnuniyyətlə gələcəkdə də analoji aksiyalarda
iştirak edəcək", - "Baksell" şirkətinin Korporativ kommunikasiya
bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.
"Ötən il ASAN könüllüləri tərəfindən irəli sürülmüş "Yaşıl ASAN"
təşəbbüsü çərçivəsində təşkil olunan Novxanı sahilyanı təmizlik
aksiyasında ilk olaraq 300 nəfər ASAN könüllüsü iştirak edib. Lakin
builki aksiyada biz ötən ildəkindən fərqli olaraq təşkilatçılar
sırasında olduq və 350-dən çox könüllümüzlə Bilgəh sahilyanı
ərazisini məişət tullantılarından təmizlədik. Bu aksiya ilə "ASAN
School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü olaraq bütün
cəmiyyətə "Ətrafımızı təmiz saxlayaq" mesajı verdik. Düşünürəm ki,
aksiyada iştirak etmiş yüzlərlə gənc bu təşəbbüslə həm sosial mesaj
verdilər, həm də sosial məsuliyyətini dərk etmiş oldular. Ekoloji
təmizlik də ətrafımızdan başlayır, təbiəti qorumaq üçün ilk növbədə
ətrafımızı təmiz saxlamalıyıq. Ona görə, hər kəsi təbiəti qorumağa
səsləyirəm", - "ASAN School" könüllülük məktəbinin rəhbəri Cahangir
Hacıyev bildirib.
"Topla, təmizlə, fərqi gör!" şüarı altında Bilgəh çimərliyində
keçirilən aksiya çərçivəsində təxminən 5 tona yaxın tullantı
yığılaraq Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik
mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə
üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası
ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin
maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma
prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar
tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və
qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin
olunub.
Qeyd edək ki, Azərbaycanda son 7 il ərzində keçirilən analoji
birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33
hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib.
Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq "Ocean
Concervancy" beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar
isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında
ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Xatırladaq ki, builki aksiyaya qoşulanlar sırasında "Green Baku"
ekoloji gənclər birliyi, "BİR" tələbə-könüllü proqramı, Azərbaycan
Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA
Universiteti, "Youth Inc." gənclərin sahibkarlıq proqramı və "Hard
Rock Cafe" yer alıb.