Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
sürücülərin sərxoşluq dərəcəsinin necə müəyyənləşdirilməsi ilə
bağlı həkim Vasif İsmayılın iddialarına cavab verib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev
APA-ya bildirib ki, sürücülərə yalnız ağızdan
gələn qoxuya görə inzibati protokol yazılmır və yazıla da bilməz:
"Ola bilər ki, yol patrul xidməti əməkdaşı sürücü ilə ünsiyyətdə
olarkən alkoqol qoxusunu hiss etsin və onun sərxoş vəziyyətdə
nəqliyyat vasitəsini idarə etməsindən şübhələnsin. Lakin bu şübhə
heç bir əməkdaşa əsas vermir ki, o ağız qoxusuna görə inzibati
protokol tərtib etsin. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin
idarə olunmasına görə inzibati xəta haqqında protokol yalnız
Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı
ilə təsdiq edilmiş qaydalara uyğun şəkildə müayinədən keçirildikdən
sonra tərtib edilə bilər. Həmin Qaydaların tələblərinə əsasən,
nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin
müəyyən edilməsi onun nəfəsindən alkoqollu içki qoxusu gəldiyi,
ayaq üstə sərbəst dayana bilmədiyi və ya özünü idarə edə bilmədiyi
kimi əlamətlərdən biri müşahidə olunduqda YPX inspektorlarının
istifadəsində olan texniki vasitələrin, yəni alkotester və ya
narkotesterin köməyi ilə həyata keçirilir".
K. Əliyev V. İsmayılın "həkimin qan analizinin nəticələri bəlli
olduqdan sonra protokol yazıla bilər" fikrinə aydınlıq gətirərək
qeyd edib ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı
alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və
digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində
sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən
İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq
protokol tərtib edilir: "Həmin Qaydalarda o da qeyd ounub ki,
nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud
narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən
maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə
olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi
texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, amma
onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə şəxs tibbi
müayinəyə göndərilir. Odur ki, xüsusi texniki vasitə ilə müayinədən
keçməkdən imtina etməyən və müayinənin nəticəsi ilə razılaşan
şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilmə
edilməsi qanunvericiliyin tələblərinə uyğundur".
Qeyd edək ki, həkim Vasif İsmayıl mətbuata açıqlamasında
bildirib ki, spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş
olması demək deyil. Əsas olan qanda çıxan spirtin normasıdır. Yol
polisi yoxladığı cihazla protokol tərtib edə bilməz. Həkim
tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol
yazıla bilər.