Yezidi kürd Zaxari Kalaşovun (Şakro Molodoy) həbsindən
və azərbaycanlı qanuni oğru Rövşən Canıyevin (Lənkəranski)
qətlindən sonra Rusiya kriminal aləmində nömrə 1-in kimin olacağı
ilə bağlı müzakirələr gedir.
Axar.az xəbər verir ki, dələduzluqda suçlanan Şakro Molodoy
Aslan Usoyan (Ded Xasan) "taxt-tacında" möhkəmlənməmiş həbs edilib
və onu uzun müddətli türmə həyatı gözləyir.
Lənkəranskinin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs
edilən Hacı Talıbxanlı da (Hacı Beyləqanski) hazırda klana
rəhbərlik etmək gücündə deyil. İstanbul polisi onun bir neçə qətldə
əli olduğundan şübhələnir. Xəbər verdiyimiz kimi, bu səbəbdən
Lənkəranski klanının Türkiyəyə cavabdeh şəxsi kimi "Kurşa" ləqəbi
ilə tanınan 44 yaşlı Qoça Çinçaridze tanınıb. Qanuni oğru adını 19
yaşında alan Qoça son illər Türkiyədə məskunlaşmışdı. Qeyd edək ki,
Lənkəranskinin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən
klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən
Lənkəranskinin xələfi kimi gürcü qanuni oğrulardan birinin
seçiləcəyi gözlənilir.
Bu ərəfədə isə Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan
Merab Canqveladze (Merab Suxumski) azadlığa buraxılmalıdır. Bir
neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyat zamanı
həbs edilən Canqveladze Lənkəranski ilə ən yaxın müttəfiq və Ded
Xasan klanının ən qatı düşmənlərindəndir. Onun həbsi Lənkəranskinin
faktiki təklənməsi kimi qiymətləndirilirdi.
Oktyabrın 18-də cəza müddəti tamamlanan Suxumskinin qayıdışı
Lənkəranski klanına əlavə güc qata bilər. Belə iddialar da var ki,
Suxumskinin ilk işlərindən biri məhz Lənkəranskinin intiqamını
almaq olacaq. Nəzərə alsaq ki, Lənkəranskinin intiqamı hələ
alınmayıb, bu səbəbdən də Suxumskinin azadlığa çıxması ilə kriminal
aləmdə yeni müharibənin alovlanması qaçılmaz olacaq.
Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən
Suxumskinin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin
xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli
Rubçovanın sədrliyi ilə keçirilən prosesdə Suxumskiin Rusiya
vətəndaşlığının ləğvinə baxılıb.
Qərara görə, Suxumski özü haqqında doğru məlumat vermədiyinə
görə vətəndaşlığına xitam verilib. Gələn həftə bu məsələ ilə bağlı
apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər qərar
qüvvədə saxlanılsa, o, Rusiyaya qayıdan kimi deportasiya olunacaq.
Məlumatda bildirilir ki, Suxumski Rusiya vətəndaşlığından
çıxarılarsa, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil
verilməlidir. Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir
sıra cinayətlərdə günahlandırır. Xatırladaq ki, Şakro da iki il
əvvəl İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana
təhvil verəcəyi deyilirdi. Amma Rusiya Şakronun vətəndaşlığını ləğv
etmədi və bəzi razılaşmalar əsasında bu ölkədə yaşamasına izn
verdi. (Belə görünür ki, o, razılaşmaları pozduğu üçün həbs edilib
və hələ uzun illər azadlıq üzü görməyəcək).
Rusiya KİV-ləri Suxumskini criminal aləmin ən iddialı namizədi
sayır.
Kriminal aləmin ən odioz fiqurlarından olan Suxumski haqda
məlumatlar çox azdır. Onun haqqında Yutub şəbəkəsində yerləşdirilən
qısa video-çarxda bu barədə məlumat almaq mümkündür. "Merab
Suxumskidən master-klass" başlıqlı həmin süjetdə təhqiqatçının ona
ad və soyadı ilə bağlı verdiyi sualları belə cavabsız qoyduğu əks
olunub. "Master-klass" oğru dünyasında "görməmişəm, eşitməmişəm,
bilmirəm" sözlərini ehtiva edir.
Musavat.com-un xəbərinə görə, Merab Canqveladze 1962-ci ilin
noyabr ayının 20-də Suxumidə anadan olub. Qanuni oğru adını gənc
yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik
qardaşı da var. 1975-ci ildə anadan olan Levan da "Suxumski" ləqəbi
ilə tanınır və Lənkəranski ilə yaxşı münasibətləri olub.
Rusiya mafiyasının "xaç atası" Vyaçeslav İvankovla (Yaponçik)
uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də
avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. Yaponçik
tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında
Lənkəranski ilə yanaşı Merab da var. Ded Xasanın qətlindən sonra da
Suxumski və Lənkəranskinin adları sifarişçilər siyahısında birgə
hallanıb.
Yaponçikin öldürülməsindən sonra Suxumskinin Ded Xasanla da
münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər Soçidə
2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda
mübarizədə toqquşublar.
2010-cu ildə Usoyan Moskvada 50 nəfər qanuni oğrunun iştirakı
ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka"
çağırıb. Deyilənə görə, Ded Xasan sanki məhkəmədəki kimi Merabla
bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan
getdiyi açıqlanmasa da, nəticə Ded Xasanın istədiyi kim olur –
Merab "oğru" adından məhrum edilir.