Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında
yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Qara
Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi təmir
olunub.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, hər iki
yolda dağılmış və qabarmış hissələr mövcud idi. Bu isə öz
növbəsində, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
hərəkətinə maneə yaradırdı. Artıq bu problem tam olaraq aradan
qaldırılıb.
Təmir-tikinti işlərinin aparıldığı Qara Qarayev prospekti 6
hərəkət zolaqlı olmaqla uzunluğu 3 km, eni 24 metrdir.
Prospekt boyunca köhnə asfalt örtüyünün üst qatı frezlənərək
kənara daşınıb, daha sonra yola yeni asfalt-beton örtük döşənib.
Ümumilikdə yolun 72 min kv.m sahəsi asfaltlanıb. Bundan başqa, yol
boyu 1 metr enində yeni yolayrıcı inşa olunub, zəruri olan yerlərdə
piyada səkiləri bərpa olunuraraq 11 min kv.m sahəsi asfaltlanıb,
səkilərin və yol ayrıcının kənarlarına 15 min poqon-metrə yaxın
yeni səki daşları düzülüb.
Prospektdə müasir işıqlandırma sisteminin qurulması üçün 83 ədəd
işıq dirəyi quraşdırılıb, həmçinin 2 yerdə avtobusların ümumi
hərəkətə mane olmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün
xüsusi "cib"li hissələr yaradılıb.
Yolun hərəkət hissəsindən səth sularının normal
kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya
sistemi işlək vəziyyətə salınıb, 30 ədəd yağış barmaqlığı
yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri
qaldırılaraq yeni baxış qapaqları qoyulub.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə
kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin
qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan, həmçinin Şirin
Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən uzunluğu 929
m, eni 15 m olan köməkçi yollarında da təmir işləri aparılıb.
Sözügedən hissələrdə təmir işləri 21.8 min kv.m ərazini əhatə
edib.
Anoloji təmir-tikinti işləri Rüstəm Rüstəmov küçəsində də
aparılıb. Küçənin uzunluğu 1,9 km, eni isə 28 metrdir. Küçə hər bir
istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu 10 min poqon-metr
köhnə səki daşı yenisi ilə əvəz olunub, həmçinin yolun köhnə
asfalt-beton örtüyünün üst qatı frezlənərək 70 min kv.m-dən çox
ərazi yenidən asfaltlanıb. Vətəndaşların rahat və təhlükəsiz
şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri
bərpa olunaraq 6500 kv.m sahəsi asfaltlanıb.
Küçənin Qara Qarayev prospekti ilə kəsişməsindən Ramiz Qənbərov
küçəsinədək olan hissəsində 1 metr enində və 440 metr uzunluğunda
yol ayrıcı inşa olunub, yolayrıcına 14 ədəd işıq dirəyi
quraşdırılıb, avtobusların ümumi hərəkətə mane olmadan dayanacağa
giriş-çıxışını təmin etmək üçün xüsusi "cib"li hissələr
yaradılıb.
Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün
nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi işlək vəziyyətə
salınaraq yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin
dəmir-beton plitələri qaldırılıb, hərəkətin normal təşkili üçün
zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolgöstərici və
yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, həm Qara Qarayev prospekti, həm də Rüstəm Rüstəmov
küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə
yerləşməklə mühüm əhəmiyyətə malikdir.
Nizami rayonunda bundan öncə daha bir neçə küçədə də
təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu, Mikayıl Əliyev
(2.8 km), Bəkir Çobanzadə (2.3 km), Mehdi Abbasov (1 km),
Naxçıvanski (0.85 km) və Nəsimi (1.2 km) küçələridir. Ümumilikdə
Nizami rayonunda son aylar ərzində Azəravtoyol ASC tərəfindən təmir
olunmuş küçə və prospektlərin uzunluğu 13 kilometr təşkil edir.