Sentyabrın 30-dan etibarən Azərsell Telekom MMC
tələbələr üçün 2016-2017 tədris ili üçün növbəti Təqaüd Proqramına
start verir.
Şirkətdən Axar.az-a verilən məlumata görə, proqramın məqsədi
müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə
xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin
peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin
sonuna qədər "Azərsell" şirkəti tərəfindən müəyyənləşdirilmiş
təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından
inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya
sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ
tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif
təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə
edəcəklər.
"Tələbə Təqaüdü Proqramı"na müraciət etmək üçün şirkətin rəsmi
veb səhifəsinə (www.azercell.jobs) daxil olmaq lazımdır. "Tələbə
Təqaüdü Proqramı"na Azərbaycanın ali təhsil ocaqlarının son iki
kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim
mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin
elektron poçtuna göndəriləcək. Ərizələr yalnız onlayn rejimdə qəbul
edilir.
Müraciətlər 31.10.2016 tarixinədək qəbul olunacaq.
Qeyd edək ki, "Azərsell" şirkəti Tələbə Təqaüd Proqramını
2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək
Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox
tələbə "Azərsell" şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar
"Azərsell"dən təqaüd almaqla yanaşı, həm də şirkətin
mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz
təcrübə qazanıblar. Bununla da Azərsell Telekom MMC korporativ
sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha
artıq töhfə verir.
Məlumat üçün bildirək ki, "Azercell Telekom" öz fəaliyyəti
boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir.
Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də
təhsillə bağlıdır. Eyni zamanda "Azercell" aparıcı universitetlərlə
əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının
gücləndirilməsinə yardım göstərir. Təhsilə və gənclərə yardım etmək
bundan sonra da "Azercell" şirkətinin prioritet fəaliyyət sahəsi
olacaq.