Yuxarı

Ər və arvadın yanaraq öldüyü hadisə qəsdən törədilibmiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər və arvadın yanaraq öldüyü hadisə qəsdən törədilibmiş

10:30

Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, evə baxış keçirilərkən qabda yanacaq məhsulu tapılıb. Hadisə yerində ailənin yaxınları tərəfindən aşkarlanan həmin maddə ekspertiza qrupuna təhvil verilib.

Hazırda yanacaq məhsulunun tərkibi və yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı ekspertiza araşdırmaları aparılır.

Qeyd edək ki, Tərtər şəhərində baş verən yanğın zamanı evdə olan Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı Adilə Soltan qızı Hüseynova yanaraq ölüb.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Hadisəni rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyevin törətdiyi üzə çıxıb.

Müəyyən edilib ki, Vüqar Baxşəliyev sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Vəli oğlu Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Soltan qızı Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub.

İddialara görə, o, evdən oğurluq etdikdən sonra törətdiyi cinayətin izini itirmək məqsədilə yaşayış evinə od vurub və hadisə yerindən uzaqlaşıb.

Nəticədə evdə olan Əsgər Səmədov və Adilə Hüseynova yanaraq ölüb.

Faktla bağlı araşdırma davam etdirilir. Hadisənin bütün təfərrüatları və şəxsin əməlinə hüquqi qiymət istintaqın nəticələrinə əsasən müəyyənləşdiriləcək.

***

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs tutulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda pul vəsaitinin ələ keçirildiyi müəyyən olunub.

Belə ki, 2026-cı il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunaraq yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Yanğın söndürüldükdən sonra evə keçirilən baxış zamanı orada yaşayan 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun arvadı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının meyitləri aşkar edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin olaraq yanğın hadisəsi kimi qeydə alınan faktın bütün hallarının, o cümlədən şəxslərin ölüm səbəblərinin və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin prokuror-kriminalistləri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin müstəntiqləri, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə qısa müddətdə genişmiqyaslı və kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar təyin edilib, çoxsaylı şəxslər dindirilib, əldə olunmuş məlumatlar qarşılıqlı əlaqələndirilərək təhlil edilib.

Toplanmış dəlillərlə yanğının təsadüfi xarakter daşımadığı, hadisənin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyən edilib.

İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun avqustun 6-da qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə icraat Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsində davam etdirilir.

Cinayətin bütün hallarının, o cümlədən onun törədilməsinə səbəb və şəraitin tam və hərtərəfli araşdırılması, hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər icra olunur.

Tarix
2026.08.07 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla