Vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış
almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və
çevik şəkildə tanış ola biləcəklər.
Əmlak Məsələləri Dövlət Komitəsindən Axar.az-a verilən məlumata
görə, komitənin rəsmi internet səhifəsində bu siyahını əks etdirən
"Vətəndaşların nəzərinə" adlı ayrıca keçid (link) yaradılıb.
Burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin
ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına
alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)
dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı
əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar
da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını
həmin linkdə görə bilərlər.
Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində
hüquqların ilkin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı
da bu linkdə yer alıb. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının
istifadəsindəki bağ sahələrinin ilkin qeydiyyatı bağlı sənədlərlə
də burada tanış olmaq mümkündür. Bu siyahı isə yalnız 2001-ci il 1
yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni
istifadəçilərinə şamil edilir.
Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan
tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı
sənədlərin siyahısı da linkdə əksini tapıb. Bu mülkiyyət
hüquqlarına xidmət fəaliyyətə başlayana qədər müvafiq icra
hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar və bu
barədə verilmiş sənədlər aiddir.
Qeyd edək ki, bu yeniliyin məqsədi hüquqi tələbləri daha rahat
və çevik şəkildə əhaliyə çatdırmaq və maarifləndirmək, eləcə də
qeydiyyat prosesində vətəndaşın işini maksimum rahatlaşdırmaqdır.
Vətəndaş qeydiyyat prosesinə başlamazdan öncə sadəcə bu linkə daxil
olaraq zəruri sənədlər siyahısı ilə tanış olur. Artıq bundan ötrü
ərazi qeydiyyat idarəsinə getməsinə və ya zəng vurmasına ehtiyac
qalmır. Daha sonra isə vətəndaş daşınmaz əmlak barədə istədiyi
hüquqi əməliyyatları həyata keçirməyə başlayır. Son nəticədə bu
yenilik daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunun
artırılmasına və məmur-vətəndaş ünsiyyətinin azaldılmasına xidmət
edir.
Belə tədbirlər qeydiyyat xidmətlərində keyfiyyət və
səmərəliliyin artmasına, daha çox insanın hüquq sahibi, mülkiyyətçi
olmasına yol açır. Xatırladaq ki, son illərdə imzalanmış fərman və
sərəncamlar sayəsində qeydiyyat üçün əsas olan ilkin sənədlərin
siyahısı əhəmiyyətli dərəcədə genişlənib. Qeydiyyat üçün tələb
olunan müddətlər də qısaldılıb və 10 iş gününə endirilib.
Elektron və onlayn xidmətlərin tətbiqindən sonra isə daşınmaz
əmlakın qeydiyyatı prosesi kifayət qədər sadələşib. Elektron
müstəviyə keçid vətəndaşın qeydiyyat üçün uzun vaxt itkisinə məruz
qalmasını, ərazi idarələrinə getməsini aradan qaldırıb və
vətəndaş-məmur ünsiyyətini minimuma endirib.