Bakıda Qanlı göl adlanan ərazidə yeni istirahət
sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa
olunacaq.
Bunu APA-ya Yasamal
rayon İcra Hakimiyyəti başçısının I müavini, Köçürmə üzrə işçi
komissiyanın sədri Səməd İslamov bildirib.
S. İslamov deyib ki, ümumilikdə Qanlı göl ərazisi 219 hektar
təşkil edir. Qanlı gölün cənub və cənub - qərb hissəsindəki ərazidə
hələ 1996-cı ildə məcburi köçkün ailələri məskunlaşıb. 2014-cü ilin
sonlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Badamdar
istiqamətində olan ərazidə məskunlaşmış 300-ə yaxın məcburi köçkün
ailələrinin köçürülməsi təmin edilib. Bu ailələrin hamısı şəhərin
müxtəlif yerlərində rahat şəraitli mənzillərlə tam təmin
olunub:
"Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə
əlaqədar qeyd edilən ərazi də daxil olmaqla gələcəkdə burada yeni
istirahət sağlamlıq kompleksi inşa olunacaq, möhtəşəm park
salınacaq. İnsanların sağlamlığını qorumaq, həmçinin, ətraf mühitin
mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə
ondan səmərəli istifadə olunmasını təmin etmək, qorunub
saxlanılmasına nəzarəti həyata keçirmək məqsədilə yeni, müasir
standartalara uyğun salınacaq istirahət sağlamlıq kompleksi
respublikamızda aparılan yenidənqurma işlərinin əhəmiyyətli
layihələrindən biri olacaq. Layihə Avropanın tanınmış memarları
tərəfindən hazırlanıb. Qanlı göl adlanan ərazinin digər, şimal və
şimal- qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil
yolunun kənarında yerləşən ərazi isə vətəndaşların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası
Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların
əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin
sahəsi 11,6 hektardır".
S. İslamov qeyd edib ki, ilkin hesablamalara görə, salınacaq
şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək:
"Şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində
yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının
olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır. İnsanların
çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin
nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə
inteqrasiyası təmin ediləcək. Şəhərcikdə çoxmənzilli binalarla
yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin
yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq
zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri
ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası,
məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial
infrastrukturun yaradılması nəzərdə tutulur".
S. İslamov nəzərə çatdırıb ki, Qanlı Göl adlanan ərazinin şimal
və şimal-qərb hissəsində yerləşən 11,6 hektar ərazidə hal-hazırki
zamanda MİDA tərəfindən inşa olunacaq çoxmənzilli binaların
tikintisinə heç bir maneə yoxdur. Hazırki vəziyyətdə orada hər
hansı bir yaşayış sahələrinin söküntüsünə ehtiyac yoxdur:
"Lakin gələcəkdə növbəti mərhələlərdə layihənin daha geniş
ərazidə tətbiqi üçün zərurət yarandıqda bu sahələrin də
boşaldılması təmin ediləcək. Ərazidə yerləşən yaşayış evlərinin
söküntüsü zamanı uzun illər həmin evlərdə yaşadıqlarını nəzərə
alaraq, sənədsiz evlər də daxil olmaqla sahəsinə görə mənzil
sahiblərinə dövlət tərəfindən kompensasiyalar ödəniləcək. Ancaq,
həmin ərazidə yaşayan hər bir vətəndaş bunu bilməlidir ki,
təsərrüfat məqsədilə qanunsuz olaraq zəbt olunmuş və çəpərlənmiş
torpaq sahələrinə görə heç bir kompensasiya ödənilməyəcək".