"Çudo peçka" mağazalar şəbəkəsində gün keçdikcə böhran
dərinləşir. Şəbəkənin sahibi işçilərin maaşını verə bilmir, işçilər
isə öz haqlarından əl çəkməyi düşünmürlər.
Müsavat.com-a
daxil olan məlumata görə, şəbəkəyə aid mağazalar ard-arda bağlanma
təhlükəsi qarşısında qalıb. İddia olunur ki, "Çudo peçka"nın təkcə
Vergilər Nazirliyinə 15 min manat borcu var. Ölkədə baş verən
iqtisadi böhran və "Çudo peçka"nın daxilində yaşananlar isə mövcud
durumu daha da ağırlaşdırıb.
Şəbəkənin metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən
mağazası bağlandıqdan sonra işsiz qalan əməkdaşların maaşları hələ
də verilməyib. Özü də bu bir aylıq deyil, 8 aylıq əməkhaqqıdır.
İşçilərə bildirilib ki, onların maaşları hissə-hissə də olsa
veriləcək. Lakin nə vaxt? Bu suala cavab verilməyib.
İddia olunur ki, şəbəkənin rəhbərliyi mövcud durumdan çıxış yolu
kimi bir neçə plan qurubmuş. Bunlar arasında "Çudo peçka"nın adını
dəyişmək də olub. Belə ki, plana görə "Çudo peçka"nın adı
dəyişdirilərək, "Dopdolu" olacaqmış. Bunun üçün sənədləşmə
işlərinin bir qisminin aparıldığı da söylənilir. Lakin planı tam
olaraq həyata keçirmək mümkün olmayıb.
Bundan əlavə, şəbəkənin metronun "Nəriman Nərimanov"
stansiyasının yaxınlığında yerləşən mağazasında da oktyabrın 19-dan
etibarən əməkdaşların ixtisarı aparılıb. İşdən çıxarılanların 4
aylıq əməkhaqqı verilməyib. Onlara da bildirilib ki, maaşlar
hissə-hissə ödəniləcək.
Onu da qeyd edək ki, təxminən 7 ay öncə "Çudo peçka" mağazalar
şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər
Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova
qaytarılmışdı (Şirkətin rəhbəri Çingiz Cəlilovun oğlu Anar
Cəlilovdur).
Belə ki, "Çudo peçka" mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz
Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün "Bank
Standart"dan götürdüyü 2.5 milyon dollar krediti qaytara
bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb,
cərimələr tətbiq edilib.
Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə
daxil olan şəbəkələr "Bank Standart"ın girovluğunda qalıb. Bankın
səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri
Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, "Çudo peçka" da
son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.
Mağazalar şəbəkəsi sahibinə qaytarılmamışdan öncə də işçilər
maaş problemləri yaşayıblar. Belə ki, işçilər Heydər Babayevin
zamanında da təxminən 4 ay maaşlarını ala bilməyiblər. İndi işdən
çıxarılan əməkdaşlara həm Heydər Babayevin, həm də Çingiz Çəlilovun
borcu var. Mağazanın əməkdaşlarının sözlərinə görə, onlar şəbəkənin
Cəlilova qaytarılmasından sonra vəziyyətlərinin düzələcəklərinə
ümid edirdilər. Lakin bu baş vermədi.
Xatırladaq ki, bir neçə gün öncə Anar Cəlilov baş verənlərlə
bağlı polis şöbəsinə də çağırılmışdı.
Qeyd edək ki, hazırda bu şəbəkənin "İnşaatçılar", "İçərişəhər",
"Sahil", "28 May", "Nəriman Nərimanov", "Qara Qarayev", "Əhmədli"
və "Neftçilər" metro stansiyalarının çıxışlarında da
kafe-mağazaları var.