Sabahdan - noyabrın 1-dən Bakı və Abşeron yarımadasında
televiziya kanallarının analoq yayımı dayandırılacaq.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin
rəhbəri İsa Məmmədov Report-a bildirib ki, MTRŞ-nın 27 sentyabr tarixli
qərarında heç bir dəyişiklik yoxdur və sabahdan artıq analoq
yayımdan istifadə mümkün olmayacaq.
Qeyd edək ki, 27 sentyabr tarixində Milli Televiziya və Radio
Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə
olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr
2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli
Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün
Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının
5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü
yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr
2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV
proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il
tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV
proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T
standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların)
istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması
teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada
Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T
standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) satışının
təşkilinin təmin edilməsi tövsiyə edilib.
Məsələ ilə bağlı MTRŞ vətəndaşlara müraciət edib. Müraciətdə
bildirilirdi ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr
2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı
il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı
dayandırılacaq.
Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər
bölgələrdə də analoq TV yayımının dayandırılması həyata
keçiriləcək.
Müraciətdə televiziya tamaşaçılarından mövcud analoq TV
qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb
olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə
olunması xahiş olunmuşdu.
Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:
1. Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə
dayanıqlığının yüksək olması.
2. TV vericisinin gücünün azaldılması imkanı.
3. Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının
kəskin artması.
4. Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması.
5. Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV
sisteminin yaradılması.
6. Studiya aparatlarının funksional imkanlarının
genişləndirilməsi.
7. TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların
verilməsi imkanı.
8. İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı
veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.
9. Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.
10. Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.