Sirr
deyil ki, bu gün Azərbaycan tamaşaçısı daha çox Türkiyə
telekanallarına baxır. Görünür, yerli kanallar bu gün nə əyləncəli,
nə aktual, nə araşdrıma verlişləri, nə də ki, tele-seriallarla
insanımızı təmin edə bilir. Amma hər halda, yerli telekanallara da
baxan, ya da baxmaq zorunda qalan bir çox insan
var.
Biz onların bu telekanallarda hansı verilişlərə baxdığı ilə
maraqlandıq. Həm də bilmək istədik ki, bu gün telekanallarımızda
baxdığımız azsaylı proqramları hansı səbəbdən izləyirlər.
Davamlı izlədiyim kanal yoxdur
Tanınmış
media eksperti Qulu Məhərrəmli yerli kanallara baxa bilmədiyini
dedi: "Sözün düzü, davamlı izlədiyim kanal yoxdur. Əsasən, xarici
telekanallara baxıram. Səviyyəsizliyinə görə yerli kanallarda bir
verilişə əvvəldən axıradək baxmaq olmur. Hərdən ANS, ATV və Xəzər
TV-in xəbərlərinə baxıram. Ekranda xəbərlərin mövzuca daralmasına,
coğrafiyasının məhdudlaşmasına, xəbər proqramlarımızın bir-birinə
oxşamasına, ümumiyyətlə, xəbər bülletenlərinin maraqdan düşməsinə
təəssüflənirəm. Bağa gedəndə anten olmadığından gec saatlarda ANS
və AzTV-də filmlərə baxıram. Bu iki kanalda dublyaj babatdır".
Ancaq internetdə

Əməkdar artist Ağalar Bayramov da yerli kanalların verlişlərinə
üstünlük vermədiyini, ancaq daha çox ATV-nin "Xəbərlər" proqramını
izlədiyini söylədi: "Filmlər, muğam, futbol və öz verilişimdən
savayı, hec bir kanalın verilişlərinə mütəmadi baxmıram. Son illər
isə ancaq internetdə sevdiyim filmlərə baxmaqla boşluğu
doldururam".
Heç evdə televizorum da yoxdur

Gənc yazıçı Əsəd Qaraqaplan ümumiyyətlə televiziyaya baxmır:
"Nəinki yerli, heç xarici kanalları da izləmirəm. TV-lər məni
çəkmir. Bu üzdən heç evdə televizorum da yoxdur".
Sözlə sazın vəhdəti

Şair İbrahim İlyaslı isə sorğumuza cavab olaraq İctimai
televiziyanı izlədiyini dedi: "Qorxmaz Tofiqoğlunun apardığı "Ozan"
verilişini izləyirəm. Çünki yeganə verilişdi ki, sözlə sazın
vəhdətindən söhbət gedir orda".
Vizuallıq baxımından ATV

Şair Həyat Şəmi də ATV telekanalının daha baxımlı olduğunu qeyd
etdi: "Bu kanal son 2-3 ilin ən ugurlu layihələri ilə secilir.
İstər format, istər kreativlik, istərsə də vizuallıq baxımından ATV
verilişləri digər telekanalların verlişlərindən secilir".
Telekanallar bayağıdı

Yazıçı Şəhriyar Del Gerani: "Elə cidd-cəhdlə izlədiyim bir
proqram yoxdur. Xəbərlərə ANS-də baxıram, filmlərə "Mədəniyyət"də.
ANS-in xəbərçiləri yaxşı xəbərçilərdi, "Mədəniyyət"in də
yayımladığı filmlər daha çox ağ-qara lentdə olur, ona görə. Qalan
telekanallar bayağıdı. O Xəzər TV isə lap şouxanadı..."
TV-lərimiz bərbad gündədir

Şair
Kəmaləddin Qədim isə Azərbaycan telekanallarından heç birini
izləmədiyini desə də, ANS-in xəbərlərinə baxır: "O da hərdən,
vaxtım olanda... Qalan nə məlumat varsa, internet vasitəsi ilə
tanış oluram. TV-lərimiz bərbad gündədir".
Nəyə baxaq?

Kənan Hacı çalışır ki, TV-lərə baxmasın: "Mən ümumiyyətlə,
Azərbaycan teleməkanını ardıcıl izləmirəm. Nəyə baxaq? Ona görə
çalışıram baxmayım, əsəblərim korlanmasın".
Pulu olmayanı efirdə adam yerinə də
qoymurlar

Müğənni Aida Nur telekanallarla bağlı ittihamlarını səsləndirdi:
"İlk olaraq bütün telekanalların öz yeri və öz verlişləri var. Həm
də qiyməti. Müğənni olduğuma görə təbii ki, daha çox əyləncəli,
musiqili verilişlərlə maraqlanıram. Efir müğənnilər üçün pulsuz
olsaydı, daha yaxşı olardı. TV-lər müğənnilər üçün elə qiymətlər
təyin edib ki, eşitsəniz, inanmazsınız. Pulu olmayanı adam yerinə
də qoymurlar. Bu kanalların nəyinə baxaq?"
Peşəkar dublyaj

Tanınmış televiziya jurnalisti Mehriban Ələkbərzadə də mütəmadi
hec bir kanala üstünlük vermədiyini dedi: "Amma nisbətin nisbəti
ATV, ANS telekanalları diqqətimi çəkir. Xəbərlər formatı və
filmlərin nisbətə peşəkar dublyajı səbəbindən bu kanallar
digərlərindən fərqlənir".