Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün
dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac
keçirilib.
Komitədən Axar.az-a verilən məlumata görə, bu dəfəki hərracda
ümumilikdə 19 dövlət əmlakı olmaqla 1 səhmdar cəmiyyəti, 1
nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti
özəlləşdirilib.
Açıq və şəffaf şəraitdə baş tutan hərracda vətəndaş və media
nümayəndələri məhdudiyyətsiz iştirak ediblər. Hərracın gedişatı
zaldakı böyük monitorlar vasitəsilə əyani izlənilib. İştirakçılar
respublikanın digər şəhər və rayonlarında keçirilən hərracları da
monitorda izləyə biliblər.
Hərracda özəlləşdirilmiş 17 kiçik dövlət müəssisə və obyektindən
5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si
Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i
Qobustanda, 1-i Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət
obyekti olub, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye
sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu
rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ
rayonundakı 193,5 kv.m. sahəsi olan Məişət evi və Sabunçu rayonunda
yerləşən 67,1 kv.m. sahəsi olan 91 saylı mağazadır. Hər iki
daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni
qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv.m. olan 1 saylı
çöbərəkbişirmə sexinə də təklif olunub.
Vurğulamaq lazımdır ki, hərraca çıxarılmış və özəlləşdirilmiş
hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli
biznesin qurulması və inkişafı üçün potensial daşınmaz
əmlaklardır.
Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan "Pirallahı
Çörək" səhmdar cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir.
Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya
nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin
yaradılmasına səbəb olacaqdır.
Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən
hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi
imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni
mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər.
Xatırladaq ki, növbəti belə hərrac 8 noyabrda keçiriləcək və 77
dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron
xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın
hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə
ödəmək kifayət edir.
Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac
bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək
ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir
məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq
mümkündür. Qeyd edək ki, özəlləşməyə çıxarılan hər bir dövlət
əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də
əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map)
Özəlləşmə Portalında əks olunur.