Bu gün telejurnalistlərin bayramıdır
Bu gün Azərbaycanda radio və telejurnalistlərin peşə bayramıdır.
1926-cı il noyabrın 6-da radionun yaranması ilə efir məkanımıza səs
gəlib...
Müasir dünyanı xəbərsiz, mediasız təsəvvür etmək mümkün deyil.
Dünya indi bir jurnalistin barmaqlarından axan xəbərlə sarsıla,
yaxud da sevinə bilir. Jurnalistika cəmiyyətin vicdanını oyatmağa
və silkələməyə, eyni zamanda, zədələməyə qadir bir peşədir.
Bəs Azərbaycanda jurnalist kimi fəaliyyət göstərənlər necə,
onlar bu işin öhdəsindən gələ bilirmi? Jurnalistlərimiz nə qədər bu
toplumun vicdanına xitab edə bilir?
Azərbaycanda çox az sayda bəyəniləcək aparıcı
var
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının
müdiri, prof. Cahangir Məmmədli fikrincə, mediamızda hələ də
dəqiqlik, qərəzsizlilik və ədalət prinsiplərinə riayət olunmur.
Amma jurnalistlərin gücünə inandığını deyən müsahibimiz bildirdi
ki, ölkədə fəaliyyət göstərən jurnalistlər istəklərinə nail olmaq
gücündədir:
"Ölkədə medianın vəziyyətində inkişaf var. Artıq kütləvi
informasiya vasitələrinin tam sistemi yaradılıb. Radio, televiziya,
yeni olan internet mediasında irəliləyişlər müşahidə olunur.
Baxmayaraq ki, internet mediası ölkədə yeni yaranıb, amma
formalaşması surətlidir".
C.Məmmədlinin fikirlərinə görə, mediamızda tənqid və təriflər
üçün kifayət qədər yer ayrılıb və jurnalistin söz azadlığı qanunla
tənzimlənir. Professor aparıcılarla bağlı isə bu fikirdədir:
"Azərbaycan televiziya məkanında çox az aparıcı var ki, onları
bəyənmək mümkündür. Bəzən aparıcılar veriliş zamanı çox sərbəstlik
edir, tamaşaçıya qarşı hörmətsizlik sərgiləyirlər.
Jurnalistikamızda ən böyük boşluq analitik təhlillərin az
olmasındadır. Məncə, bizim bu cür verilişlərə ehtiyacımız var.
Mənim üçün Azərbaycan televiziyasında ən ideal aparıcı Mir Şahin
(ANS), Fizuli Məcidli (İTV) və Anar Nəcəflidir (Xəzər TV). Mən bu
üç aparıcını çox bəyənirəm. Onları izlədikdə inanıram ki, artıq
peşəkarlar formalaşır. Əgər telekanalların sayı bir az da çox olsa,
onda rəqabət artacaq və bu da müsbət dəyişikliklərə səbəb ola
bilər".
Azad düşüncəli jurnalistlərimiz çox azdır
"Jurnalistikanın
İnkişafına Yardım" fondunun sədri, jurnalist, telemütəxəsis,
filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikirləri də demək
olar ki, Cahangir Məmmədlinin fikirləri ilə üst-üstə düşdü.
"Bu gün ölkədə jurnalistikanın keçid dövrüdür. Jurnalistikamız
tam gücü ilə fəaliyyət göstərə bilmir. Bizdə təhlillər, araşdırma
tipli yazılarda qıtlıq müşahidə olunur. Mətbuatda ciddi
problemlərin olmasını danmaq olmaz. Amma buna baxmayaraq, son illər
peşəkar jurnalistlərin sayında artım müşahidə olunur. Biz fəxr
etməliyik ki, parlaq qələm sahiblərimiz var.
Bu gün jurnalistlərə kifayət qədər söz azadlığı verilsə də,
onlarda düşüncə azadlığı çox zəifdir. Hətta düşündüyünü yaza
bilməyənlər, ya da nədənsə çəkinənlər var. Televiziya aparıcılarına
gəlincə... o qədər uğursuz aparıcılar var ki, onların adlarını
açıqlamaq üçün gərək bir proqram təşkil edək. 1990-cı illərin
əvvəllərindəkilərlə indiki aparıcıları müqayisə etsək, onlar
arasında olan fərqi aydın görərik. İndi kimi gəldi, aparıcı
edirlər".
Xəbərlər TV və ya sayt rəhbərliyinin maraqlarına görə
dəyişir
Zeynal
Məmmədli isə mətbuat orqanlarının hər birində müəyyən
çatışmazlıqların olduğunu bildirdi. O, xəbərlərin TV və ya internet
saytlarının rəhbərliyinin maraqlara görə dəyişdiyini iddia
edir:
"Nə qədər ki, media orqanlarının rəhbərləri müəyyən siyasi
tərəfləri təmsil edəcək, o qədər də yayılan xəbərlərdə qərəzlilik
müşahidə olunacaq. Bəzən yazılarda fikirlər ciddi redaktə edilir.
Belə olan halda jurnalist və onun söz azadlığından söz gedə
bilməz".
Redaksiyadan: Həmkarlarımızı peşə bayramı münasibəti ilə təbrik
edirik.