Azərbaycanda 45, 50 və daha yuxarı yaşlarda kişilərin
boşanmasının psixofizioloji səbəbləri var və bu yaşlarda ayrılan
güclü cinsin nümayəndələrinin maddi vəziyyəti əsasan daha yüksək
olur. Onlar ya biznesmen, ya da yaxşı bir iş sahibi olduqdan sonra
özlərinə daha gənc bir xanımla yeni həyat qururlar.
Bunu Report-a açıqlamasında psixoloq Azad İsazadə
deyib.
Psixoloqun sözləriə görə, bütün "postsovet" ölkələrində bu
vəziyyət dəb halını alıb: "Keçmiş sovet ölkələrinin hamısında bu
cür problemlər olur. Müəyyən yaşa gəlmiş kişilərin bəziləri bir
balaca imkanı olan kimi birinci ailəni daha gənc bir xanımla əvəz
edir. Çoxu məşuqə kimi görüşsə də, bəziləri ailə qurur, uşaq da
dünyaya gətirirlər. Təbii ki, başqa səbəblər də var. Daha geniş
araşdırmaq lazımdır. Elə kişilər var ki, gedib illərlə başqa
ölkələrdə işləyirlər və həmin ölkədə ikinci dəfə ailə həyatı
qururlar".
O bildirib ki, 25-35 yaşlarında olan boşanmaların əsas səbəbi
isə sosial, məişət problemləri ilə bağlı olur. Onun sözlərinə görə,
müasir informasiya imkanlarının artması da insanlarda səbirsizlik
yaradıb: "İnsanlar yaramış problemə səbirlə yanaşmaq və onu həll
etmək istəmirlər. Əvvala problemlər daha da ciddiləşib, digər
tətəfdən də həmin problemlərin həlli təcrübəsi olmadığı üçün
boşanmağa üstünlük verirlər. Vaxtilə boşanma daha ayıb sayılırdı.
Bütün ailə yığışıb boşanmağa qoymurdu. İndi ailələr daha
sərbəstdir. Cəmiyyət boşanmış insanları əvvəlki kimi qınamır.
Səbirsizlik, qınağın azalması və üstəgəl ciddi sosail problemlər
boşanma ilə nəticələnir".
A.İsazadə onu da əlavə edib ki, boşanma ilə bağlı göstərilən
statistik məlumatlar hər zaman nisbi olur, tam obyektiv rəqəmləri
göstərmir: "Statistik məlumatlarda qeyri-rəsmi nikahlar və saxta
boşanmalar qeyd olunmur. Halbuki bu hal cəmiyyətimizin reallığıdır.
Bəzən hansısa səbəbdən saxta boşanmalar da olur. Saxta boşanma
sovet dövründə də var idi. Məsələn, mənzil almaq üçün ailə saxta
formada boşanırdı, amma ər-arvad bir yerdə yaşayırdı. İndi də bu
hallar var. 12 min boşanmanın içində 2-4 min bəlkə daha çox saxta
ayrılma ola bilər. Belə hallarla da rastlaşmışam ki, real
boşanırlar və bir neçə ildən sonra barışıb bir yerdə yaşayırlar.
Amma növbəti dəfə nikah bağlamırlar".
Ümumiyyətlə, ötən il Azərbaycanda 12764 boşanma qeydə alınıb.
Ölkədə 39 yaşda 1699 kişi, 1391 qadın, 40-44 yaşda 1103 kişi, 904
qadın, 45-49 yaşda 921 kişi, 743 qadın, 50-54 yaşda 689 kişi, 469
qadın, 55-59 yaşda 402 kişi, 283 qadın, 60 və daha yuxarı yaşlarda
isə 327 kişi, 167 qadın boşanıb.