Dövlət İmtahan Mərkəzində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdim.
Axar.az xəbər verir ki, bunu bu gün DİM sədri vəzifəsindən azad edilərək BDU rektoru təyin edilən Məleykə Abbaszadə Feysbuk hesabında qeyd edib.
O bildirib ki, görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işləri və növbəti addımları müzakirə etdik:
“İnformasiya sistemlərimizin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərimizin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərimizin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi barədə danışdıq. Qəbul prosesində vətəndaşların ən çox istifadə etdiyi xidmətlərə ayrıca toxunduq. Qeydiyyatın, ixtisas seçiminin və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, eləcə də ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarını nəzərdən keçirdik. Dövlət qulluğu sahəsində isə şəxsi işlərin elektron qaydada aparılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal sistemin yaradılması barədə fikir mübadiləsi apardıq”.
M.Abbaszadə süni intellektdən imtahan məzmununun keyfiyyətini yoxlamaq, yazılı cavabları qiymətləndirmək və vətəndaşların suallarını cavablandırmaq üçün necə istifadə edə biləcəyimizi də müzakirə etdik:
“Rəqəmsal texnologiyalar işimizi və gündəlik həyatımızı sürətlə dəyişir. Düşünürəm ki, bu dövrün imkanlarını vaxtında görmək və onlardan doğru istifadə etmək vətəndaşlar üçün olduğu qədər dövlət qurumları üçün də vacibdir. İnanıram ki, doğru mütəxəssislərlə işləsək və dövlət qurumları arasında əməkdaşlığı gücləndirsək, daha yaxşı nəticələr əldə edə bilərik”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Abbaszadə DİM sədri vəzifəsindən azad edilərək BDU rektoru təyin edilib.