Məhkəmə-Hüquq Şurasının Ali və Apellyasiya
məhkəmələrinin rəhbər şəxslərinin, Bakı şəhərinin bütün məhkəmə
sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə QHT və KİV
nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib. İclas
müxtəlif texnoloji yeniliklər sınaq rejimində tətbiq edilən Bakı
şəhəri Yasamal Rayon Məhkəməsində keçirilib.
Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə
naziri Fikrət Məmmədov ölkəmizin ictimai həyatın bütün sahələrində
nailiyyətlər qazandığını bildirib.
İclasda qarşıda duran vəzifələr müzakirə edilib. Bildirilib ki,
ölkədə mülki dövriyyənin sürətlə artması məhkəmələrə müraciətlərin
sayının ilbəil çoxalmasına səbəb olub. Ümumilikdə, yeni məhkəmə
sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki
xarakterli mübahisələrin sayı 8 dəfə artıb.
Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud
pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə
sistemindən kənarlaşdırılıb, hakimlər barədə 161 intizam icraatı
başlanıb.
Məhkəmə hakimiyyətinin özünüidarə fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla
əhatəli təhlillər aparılmış və ötən il qanunvericiliyə mütərəqqi
dəyişikliklər edilib. Yeni qanunvericiliyə əsasən Şuranın fəaliyyət
mexanizmləri müasirləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə
təminatı müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə
funksiyaları genişləndirilmiş, ilk dəfə olaraq hakimlərin ezam
olunması institutu təsbit edilib.
İclasda qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam
icraatı başlanıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə
xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad
olunub.
İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmələr
tərəfindən yol verilən xarakterik nöqsanlara toxunaraq onların
aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun
yüksəldilməsi, bu sahədə əlavə mexanizmlərin müəyyən olunması və
vahid məhkəmə təcrübəsinin formalaşması üzrə işləri vurğuyıb.
Tədbirdə həmçinin, "Elektron məhkəmə" informasiya sisteminin
yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib.
2013-cü – İKT ili çərçivəsində məhkəmələrdə müasir texnoloji
yeniliklərin, o cümlədən elektron sənəd dövriyəsi və idarəetmə,
"SMS bildiriş" proqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi
faydalı olan məhkəmə sisteminin vahid internet portalının
yaradılması qeyd olunub.
Çıxış edən Prezident Admnistirasiyası Hüquq mühafizə orqanları
ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni
formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə
keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün
regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd edib, ölkə
başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və
nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının, habelə
"Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında
sərəncamının qarşıda mühüm vəzifələr qoyduğunu bildirib, sınaq
rejimində tətbiq edilən texnoloji yeniliklərin "elektron məhkəmə"
informasiya sisteminin yaradılmasında təcrübi əhəmiyyətini
bildirib.
Eyni zamanda Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər
tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali
və apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb, vətəndaşların
hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla
korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun
pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam
icraatları başlanıb ("Aznews.az").