Milli Məclisin üzvü Etibar Hüseynov dünən Azadlıq prospekti-88
ünvanında (ABŞ səfirliyinin yaxınlığı) dava-dalaş salıb. Şahidlərin
verdiyi məlumata görə, əsəbiləşən deputat mübahisə etdiyi şəxsi
kobud sözlərlə təhqir etməkdən çəkinməyib və bina sakinlərinin onu
tanıyacağına da əhəmiyyət verməyib. Əksinə, həmin binada yaşayan və
bu cür kobud sözlərə görə deputata irad tutan sakinləri də təhqir
edib.
Mübahisə isə Rauf adlı şəxslə aralarında yaranan
anlaşılmazlıqdan sonra başlayıb. Redaksiyamıza məlumat verən
mənbənin sözlərinə görə, Azadlıq prospekti-88 ünvanında yaşayan
Raufu öldürəcəyi ilə hədələyən deputat yalnız sakinlərin sərt
təpkisindən sonra söyüşlərinə ara verib və ərazidən uzaqlaşıb.
Bu təzyiqlər "Sitatın
sonu"na görədir
Əldə etdiyimiz informasiyanı
dəqiqləşdirmək üçün Etibar Hüseynovla əlaqə yaratdıq. Millət vəkili
saytımıza açıqlamasında yayılan məlumatı şayiə adlandıraraq,
haqqında gəzən söz-söhbətləri müəllifi olduğu "Sitatın sonu"
verlişi ilə əlaqələndirdi: "Boş söhbətlərdir. "Facebook"da yayılıb
ki, guya əvvəl söymüşəm, döymüşəm… Daha da irəli gedib deyirlər ki,
bıçaqlamışan, havaya güllə atmışam. Yəni qeyri-ciddi söhbətdir.
Xahiş edirəm, belə qeyri-ciddi söhbətlərə vaxt itirməyin. Hər dəfə
ortaya bir şey buraxırlar ki, mənə ziyan vursunlar. Mən "Sitatın
sonu" başlayanda demişdim ki, hər verlişdən sonra mənə qarşı
hücumlar, şayiələr, təhqirlər olacaq. Ehtimallarım yavaş-yavaş
özünü doğruldur".
Biz mübahisə etmişik
Sakinlərdən aldığımız, amma hörmətli millət vəkilinin təkzib
etdiyi xəbəri yerindəcə öyrənmək üçün sözügedən ünvana yollandıq və
Etibar Hüseynovla mübahisədə adı hallanan Rauf adlı şəxsi tapdıq.
Rauf Qubadov millət vəkili ilə aralarında yaranmış münaqişəni
təstiqlədi:
"Etibar Hüseynovla aramzıda mübahisə olub və o, məni nalayiq
söyüşlərlə təhqir edib. Aramızda yaranan münaqişəyə səbəb isə
təqribən bir il bundan qabaq Xırdalanda ona satdığım ev olub. Evi
onu satanda təqribən 1 sot torpağı özüm üçün saxlamışdım, yəni onu
satmaq fikrim yox idi. Etibar Hüseynovla aramızda ilk anlaşılmazlıq
isə satdığım evi yenidən hasara alanda oldu. O, qəsdən mənim özüm
üçün ayırdığım 1 sot torpağı zəbt etməyə başladı. Mən də bunun
qarşılığında məcbur olub ona məxsus torpağı zəbt etdim. Daha sonra
məsələ aydınlaşdı və aramızda problem olmadı. Bundan sonra Etibar
Hüseynov özüm üçün saxladığım 1 sot torpağı da almaq istədiyini
dedi və mən razılaşdım. Amma o, həmin torpağa bazar qiymətindən on
dəfə az pul verəcəyini dedi. Təbii ki, razılaşmadım. Bir müddət
sonra şəxsi mülküm hesab olunan torpaq sahəsində iş qurmaq qərarına
gəldim, amma Etibar Hüseynov mənə xəbər göndərdi ki, orda heç nə
edə bilməzsən, imkan vermərəm".
Millət vəkili tərəfindən təhdid və təhqirlərə məruz
qaldığını iddia edən vətəndaş mübahisəyə də toxundu:
"Etibar Hüseynov zəng elədi, növbəti dəfə məni təhdid etməyə
başladı. Əlbəttə ki, onun təhdid dolu təhqirlərini cavabsız qoya
bilməzdim. Bundan sonra o, hazırda yaşadığım Azadliq prospekti-88
ünvanına gəldi, məni həyətə çağırdı. Həyətdə məni təhqir etməyə
başladı. Hətta Etibar Hüseynovun işlətdiyi təhqirləri eşidən
sakinlər də ona sərt etirazlarını bildirdilər".