Erməni daşnaklarının bolşeviklərlə birgə
azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il
ötür.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, 1918-ci il martın
30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə
yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və
uşağın öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda
Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda
minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb,
Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi
qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir
məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm
memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə
Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları
Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560
qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində
öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda
minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə
yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik
Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu
qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim
edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin
Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar
qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan
silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart
1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi
hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc
olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev
"Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin
gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü
kimi qeyd olunur.
Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə
dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri,
konfranslar keçiriləcək.