İrəvan-Tiflis kartof qalmaqalının səsi Bakıdan
çıxdı
Bir sıra xəbər portallarında yayılan məlumata görə, Azərbyacan
gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının
Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı
Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar
olunduğu üçün yükləndiyi maşınlar möhürlənib.
Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox,
Ermənistandan gətirilib. Məsələnin ciddiliyini nəzərə alaraq,
bayram olmasını nəzərə almadan, Kənd Təsərrüfatı Nazirliyin mətbuat
xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. Nazirlik
rəsmisi qısaca olaraq faktı təsdiqləsə də, geniş açıqlama vermədi:
"Bildiyiniz kimi, bu gün bayram olduğu üçün iş günü sayılmır. Ona
görə geniş məlumat verə bilmərəm. Sabah əlaqə saxlasanız, geniş
açıqlama verərəm".
Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında
da qalmaqal yaradıb.
İrəvanla Tiflis "zəhərli kartof" qalmaqalı
yaşayır
"Axar.az" erməni mətbuatına istinadən bildirir
ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra
infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin
qarşılıqlı ittihamları ilə müşahidə olunur. 2013-cü ildə
Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu
infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb.
Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində
Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən
ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan
arasında gərginlik yaradıb.
Gürcüstan Ermənistanı bu cür infeksiyalı məhsullar ixrac etməkdə
ittiham edərək rəsmi İrəvandan təzminat tələb edir. Ermənistan isə
Gürcüstan tərəfini bu cür yalanlarla İrəvandan pul qopara
bilmiyəcəyini bəyan edir. Məsələ o yerə çatıb ki, artıq rəsmi
şəxslər bununla bağlı bəyanatlar verməyə başlayıb. Ermənistanın
Epidemiologiya və Gigiyena qurumunun sədri Artur Nikoyan daha da
qabağa gedərək Gürcüstanı hədələyib:
"Gürcüstana ixrac olunan kartofu Ermənistan əhalisi də yeyir.
Necə olur ki, bizdə bu cür infeksiyalara rast gəlinmir, amma
gürcülər infeksiya olduğunu iddia edir?! Bu cür iddialar absurddur
və Gürcüstanı bu cür yalan bəyanat verməməyə səsləyirəm".
Qurum sədri həmçinin qeyd edib ki, Ermənistan hökuməti gürcü
tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirmək üçün
Qidaların Təhlükəsizliyi Komitəsinin sədrini Gürcüstana da
göndərib: "Bizim Qidaların Təhlükəsizliyi Komitəsinin sədri
noyabrın 5-6-da bu ölkədə səfərdə olub. Bu məsələ yerində
araşdırılıb və gürcü tərəfinin iddiaları sübutunu tapmayıb".
Qeyd edək ki, Gürcüstan sözügedən məsələ ilə bağlı Ermənistandan
kartof ixracını dayandırıb. Qalmaqalın kimin xeyrinə yekunlaşacağı
hələ ki, bilinmir.
Məsələnin maraqlı cəhəti odur ki, Ermənistan-gürcüstan arasında
bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı
məhsulların Azərbaycana gəlməsi, lakin dərhal aşkarlanaraq
maşınların möhürlənməsi və satışdan çıxarılması diqqəti çəkir.