"Dünyada heç nə əbədi deyil".
Bunu sevgililərini əlcək kimi dəyişən, avto qəzada sevgilisi ilə
tamamilə yanıb lakin yenidən insan cildinə girməyi bacaran, 6,9
milyard dollara sahib Rusiyanın iş adamı Süleyman Kərimov
deyib.
"Milyonçu" layihəsi çərçivəsində Polyus Gold International (40%)
və VTB-nin (6%) səhmdarı,
milliyyətcə ləzgi Süleyman Kərimovun milyardlara gedən yolunu
təqdim edirik.
Varlı ləzgi ailəsi
Etnik baxımdan ləzgi olan Süleyman Kərimov 1966-cı ildə
Dərbənddə dünyaya gəlib. Atası cinayət - axtarış xidmətində
hüquqşünas, anası isə "Sberbank" ın mühasibi işləyib. Süleyman
ailənin son beşiyi olub. Belə ki, özündən başqa qardaşı (həkimdir)
və bacısı (rus dili və ədəbiyyat müəlliməsi) var. Yeri gəlmişkən,
Şimali Qafqaz reallıqlarını və S.Kərimovun valideynlərinin işgüzar
statusunu nəzərə alsaq onun heç də təminatsız uşaqlığı olmayıb.
Qayğısız uşaqlıq və gənclik gələcəyə daha da böyük perspektivlər
açıb.
Təmiz keçmiş
Bildirək ki, Rusiya milyarderlərinin çoxundan fərqli olaraq
Kərimovun bütün yaxınları sağ-salamat və sağlamdırlar. Hər hansı
pis əməllərdə adları çəkilmir. Bacısı bütün həyatı boyu müəllimə
işləyib. Qardaşı isə həkim. Ümumiyyətlə Kərimovun keçmişinə dair
qara nəsə tapılmır. Atası daim onları nəzarətdə saxlayıb.
Övladlarına ciddiliklə bərabər, sadəliyi öyrədib. Onun qaydaları,
prinsipləri Süleymanın daxili keyfiyyətlərinin inkişafına da ciddi
təsir edib. Maddi imkanlarına, statuslarına baxmayaraq Süleyman
dəbdəbəli həyat sürrməyib. Hətta atasının onu hərbi xidmətdən
yayındırmaq kimi imkanları olsa da gələcəyin milyarderi hər bir
sovet vətəndaşı kimi vətənə qulluq edib.
Riyaziyyatçı ola bilmir
Yazılanlara görə, gəncliyində dostları onu "Sulik" deyə
çağırırmışlar. Süleyman həm fiziki, həm də intelektual baxımdan
güclü imiş. İdman növü kimi o, əsasən güləş və ağıratletikaya geniş
maraq göstərib. Əslində idamana meyili atası sayəsində yaranıb.
Belə ki, uşaqlığında S.Kərimov zəif olduğundan atası onu idman
kurslarına göndərib.
Təhsilə gəlincə, üstünlüyü dəqiq elmlərə verib. Məhz bunun
nəticəsində, 1983-cü ildə Dərbənddəki 19 nömrəli orta məktəbi qızıl
medalla bitirdikdən sonra Dağıstan Politexnik İnstitutuna üz tutub.
Lakin buna baxmayaraq riyaziyyatçı olmayıb. Çünki hələ 1-ci kursda
ikən hərbi xidmətə çağrılıb. 1984-86-cı illərdə Sovet Ordusunda
strateji təyinatlı raket qüvvələrində hesab-təhvil üzrə baş serjant
kimi qulluq edib. Hərbidən qayıtdıqdan sonra ixtisasını Dağıstan
Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə dəyişdirib.
İlk iş yeri
Təhsil aldığı müddətdə universitetin həmkarlar ittifaqı
komitəsinin sədr müavini kimi fəaliyyət göstərir.1986-cı ildə öz
tələbə yoldaşı Firuzə Xanbalayeva ilə evlənir.
Bu arada onu da qeyd edək ki, Firuzə yerli partiya rəhbərinin
qızı idi. Bu nikahı bütövlüklə ailələr arası anlaşma adlandırmaq
olmasa da, Firuzənin atasının vəzifəsi S.Kərimovun karyerasının
inkişafında mühüm rol oynayıb.
1989-cu ildə universiteti bitirən S. Kərimov Muhasibat uçotu və
təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə diplom alır.
Qaynatasının köməyi ilə "Eltov" elektron zavodunda iqtisadçı kimi
işə düzəlir. Hansı ki, bu zavod Maxaçkalada texnika məhsullarının
istehsalı ilə məşğul olurdu. S.Kərimov zavod ilk iş yeri olmasına
baxmayaraq, uğurlu olur. Özünü istedadlı mütəxəssis kimi
təsdiqləyir. Qısa zamanda baş direktorun iqtisadi məsələlər üzrə
məsləhətçisi vəzifəsinə yüksəlir. SSRİ-nin süqutundan sonra
elektron avadanlıqları istehsal edən zavodlar arasında müxtəlif
formalı maliyyə problemləri yarandığından bu çətinlikləri aradan
qaldırmaq üçün Federal Sənaye Bankı təsis edilir. 1993-cü ildə
Moskvaya gələn Süleyman "Eltov" müəssisəsinin maraqlarını bu bankda
təmsil etməyə başlayır. Bank biznesi sərfəli olmaqla bərabər elə
həmin dövrdə elektron zavodlar Federal Sənaye Bankının nəzarətindən
çıxır.Nəticədə Süleyman Kərimov müstəqillik əldə edən zavodların
səhmlərini satın almağa başlayır. Bu müəssisələrin nəzarət
paketlərini əlində cəmləşdirməsi S.Kərimov üçün böyük biznesə
aparan yolda sıçrayış nöqtəsi olur.
Məşhur 90-cı illərin gətirdiyi uğurlar
Kərimov özünün ilkin kapitalını məhz 90-cı illərdə yaratmağa
başlayıb. Dəlillərə görə, bunda həmyerlisi, Dağıstan Partiya
Komitəsinin keçmiş baş katibi Maqomedtaqir Abdulbasirovun rolu
böyük olur. M. Abdulbasirov 1994-cü ildə Rusiya Kənd Təsərrüfatı
Nazirliyi yanında federal ərzaq korporasiyasına rəhbərlik edirdi.
Korporasiyanın iki əsas funksiyası - var idi.Birincisi dövlətin
regional ehtiyacların - taxıl, qənd, yağ, ət, süd ödənilməsi ilə
bağlı sifarişlərini həyata keçirirdi. 1994-96-cı illərdə müəssisə
satınalmalar keçirmək üçün büdcədən 500 milyon dollar alır. Kərimov
Abdulbasirovla tanışlığın sayəsində həmin pulların
bölüşdürülməsində iştirak edir. Bundan əlavə, həmin münasibətin
nəticəsində o, tez bir zamanda bir çox müəssisələrin səhmlərini ələ
keçirir. Çox keçmir Abdulbasirov vəzifəsindən azad edilir. Bu fakt
S.Kərimovu milyonlara gedən yoldan döndərmir. O özünə başqa vacib
adamları tapır. Onlardan biri "Orel-Avia"nın rəhbəri Sergey İsakov
olur.
Növbəti zirvə
1995-ci ildə"Soyuz finans" şirkətinin baş direktorunun müavini
işləyir. Məlumat üçün bildirək ki, şirkətin fəaliyyət dairəsinə
aviasiya sənayesi,eləcə də qaz, neft hasilatı daxil idi. 1997-ci
ildə İsakov və Kərimov idarəçiliklərində olan strukturlar
vasitəsilə "Vnukovskie Aviaşirkətlər"in səhmlərini ələ keçirməyə
başlayırlar. Lakin 1998-ci ilin sonunda gələcəyin milyarderi öz
oyunlarını oynamaq istəyən tərəfdaşlarını tərk edir və "Vnukovskie
Aviaşirkətlər"i ilə "Fedrombank"dan gedir.
Kərimovun növbəti zirvəsi investisiya şirkəti olan
"Nafta-Moskva"nı ( neft və neft məhsullarının ticarəti ilə məşğul
olur, "Soyuznefteexport əsasında yaradılır) əldə etməsi olur.
1998-ci ildə şirkətin səhmlərinin 55 faizini 50 milyon dollara
satın alır. 1 il ərzindəki fəaliyyəti nəticəsində şirkətdəki payını
100 faizə çatdırır. Eləcə də 1999-cu ildə qeyri-kommersiya
müəssisəsi olan Moskva Beynəlxalq Korporasiya İnstitutunun vitse
prezidenti təyin edilir. Yeri gəlmişkən bu, onun uğurlu maliyyə və
idarəçilik fəaliyyətinə verilən yüksək qiymət idi. Biznes
fəaliyyəti ilə paralel olaraq S.Kərimov Dövlət Dumasının deputatı
seçilir. Ancaq yüksək kürsüyə seçilmək ona öz kapitalını artırmaqda
mane olmur.
2000-ci ildə "Nafta-Moskva" "Vareqanneftqaz" şirkətini alır.
2001-ci ildə Roman Abramoviç və Oleq Deripaska əməkdaşlıq
nəticəsində iş adamı Andrey Andreyevin biznesindən pay alır. Bu pay
özündə yüzlərlə şirkəti – "Avtobank", "İnqosstraxa", SK "" СК "
İnqosstrax- Rosiya" (hazırda "Rosiyya"), bank "İnqosstrax-Soyuz"
(indiki "Soyuz"), "Nosta" və digərlərini əks etdirirdi. Həmin
ərəfədə Kərimovun şirkəti Rusiyanın keçmiş ən böyük neft
treyderlərindən biri olur.
Dollar milyaderi
S.Kərimov beləliklə yavaş-yavaş öz ilk iş fəaliyətindən uzaqlaşır.
2002-ci ildə praktiki neft ticarətinə girişir. 2003-cü ilin sonunda
hətta "Nafta" Moskva ətrafında elit yaşayış evlərinin və əyləncə
mərkəzlərinin tikintisi məqsədilə torpaq alışı ilə məşğul olur.
2004-cü ilin ortalarında nəhəng dövlət şirkətləri "Qazprom" və
"Sberbank"ın səhmlərinin müəyyən faizini əldə etməsi nəticəsində iş
adamı kapitalını bir qədər də artırır. Sonradan uğurla həyata
keçirilən layihələr oliqarxın kapitalının nə az, nə çox 2 dəfə
artmasına gətirib çıxarır. 2005-ci ilin sonunda "Nafta" qızıl mədən
şirkəti "Polimetal"ı ələ keçirir. 2006-cı ilin sonunda Kərimov
"Nafta-Moskva" nı tam formalaşmış investisiya şirkəti etməyi
bacarır.
Sərvəti
"Forbes" jurnalının qiymətləndirməsinə görə, ötən ilin əvvəlinə
iş adamının sərvəti 7 miyard dollar olub. 2012-ci ildə bu rəqəm 6,5
milyard dollar təşkil edib. S.Kərimov keçən 2012-ci ildə sərvətinin
həcminə görə, Rusyanın milyarderləri arasında 19-cu, 2013-cü ildə
20-ci sırada yer alıb. 2014-cü ildə isə jurnal onun varidatını 6,9
milyard dollar qiymətləndirib. Bu sərvətlə o, 19-cu sırada
qərarlaşıb. "Forbes"ə görə Kərimov bir il ərzində 0,2 milyard
itirib.
Deklarasiya edilmiş gəlirlər
Bu arada 2009-cu ildə iş adamı gəlirlərinin deklarasiyasını
açıqladığı zaman maraqlı nüanslar ortaya çıxır.Bəlli olub ki,
milyarderin illik gəliri 7.5 milyon rubldur. Bundan 1,9 milyon
rublu o senator kimi qazanır. 3,7 milyon rublu "İnvestbank"dan, 1,7
milyon rublu "SMP Bank", "Binbank" və "Sipson Services Limited" və
"Sberbank"dakı hissələrindən əldə edir.2012-ci ildə rus
məmurlarının ailəvi gəlirlərin deklarasiyasına görə iş adamı 8-ci
yerdə qərarlaşırdı.
Bir zamanlar və indi sahib olduqları
2006-2008-ci illərdə S.Kərimov "Qazprom"da 4,5 , "Sberbankda" 6
, MQTS-də 2, "Polmetall"da 7, "Polyus-Zoloto", "Milli
Telekommunikasiya" (kabel operator), Mosstroieconombank və
"Smolensky Passage" ticarət mərkəzində 37 faiz hissəyə malik olub.
2011-ci ildə "Svyazinvest"in keçmiş baş direktoru Yevqeniya
Yurçenkodan 6 faiz səhmi əldə etməklə isə o, "Rostelekom"un birgə
sahibinə çevrilib."Forbes"in 2008-ci ilə olan məlumatlarına görə,
iş adamı Rusiyadakı kapitalının əsas hissəsini ölkədən çıxarıb.
Xaricdə korporasiyalara yatırıb. Yeri gəlmişkən, bu addım ona ucuz
başa gəlməyib. İqtisadi böhran dövründə 20 milyard dollar itirib.
Lakin "pes" etməyib. 2010-cu ildə "Uralkaliy" MMC-nin səhmlərinin
25 faizini əldə edib. 2011-ci ildə Dağıstan parlamenitinin namizəd
kimi gəlirlərini deklarasiya edən S.Kərimov kipirli
"Nafta-Moskva"nın səhmlərinin 50 faizinin, Bermudda qeydiyyatdan
keçən "Altityud"un səhmlərinin 20 faizinin, kipli "Aniketa
investmentlimitid"in səhmlərinin 20 faiznin ona məxsus olduğunu
bəyan edib.
S.Kərimovun hazırda sahib olduqlarına gəlincə,bura Polyus Gold
International (40%), VTB daxildir. 2013-cü ildə o "Uralkaliya"dakı
payını, PİK şirkətini satıb. Birincinin satışından əldə etdiyi 5
milyard dolların mühüm hissəsini borclarının ödənməsinə yönəldib.
Onu da qeyd edək ki, analitiklər Kərimovun maliyə uğurlarını onun
artım potensialı olan investisiya aktivlərinə sahib olması ilə
əsaslandırırlar. S.Kərimov doğurdan da iqtisadiyyatda özünü maliyyə
investoru kimi təsdiqləyib.
Futbol klubu "Anji"
İş adamının iş dünyası bununla tamamlanmır. O, 2011-ci ildən
"Anji" futbol klubunun sahibir. Milyarderin sayəsində komandaya bir
sıra məşhur oyunçular cəlb olunmuşdu. Bunlardan biri də brazilyalı
müdafiəçi Roberto Karlos idi. Doğrusu, pul hər şey olmasa da çox
şey deməkdir. S.Kərimovun yatırımları sayəsində komanda
2012-2013-cü illərdə keçirilən primer liqada ilk yerlərdən birini
tutub.
Yeri gəlmişkən, ötən il milyarder kluba ayırdığı vəsaitdə
kəsintilərə gedib.
Siyasi fəaliyyəti
Milyarder siyasi fəaliyyətlə də məşğul olur. 2003-2007-ci ildə
Qosdumanının deputatı olur. 2008-ci ilin 20 fevralında S.Kərimov
deputat seçilir və beləliklə, Federasiya Şurası onun Dağıstan Milli
Məclisinin nümayəndəsi kimi fəaliyyətini təsdiqləyir.
Kərimovun bahalı oyuncaqları
S.Kərimov yaxtalara marağı ilə məşhurdur. Onun 90,1 metr
uzunluğunda "Ice" adlı yaxtası Almaniyanın "Lürssen" şirkəti
tərəfindən 2005-ci ildə istehsal edilib. Maksimal sürəti 18 dəniz
milidir. 2006-cı ildə "İzvestiya" qəzetinin yazdığına görə Kərimov
yaxtaya 150 mln dollar sayıb. Kərimovun "Millenium"adlı da yaxtası
var. 2006-cı ildə istehsal edilən yaxtanın uzunluğu 36,8 metr,
sürəti 31 dəniz milidir. Milyarderin yaxtaya 8,9 milyon avro
saydığı söylənir. Biznesmenin bir də Boeing Business Jet 737-700 və
Gulfstream V. təyyarələri var.
Şəxsi həyatı
Yuxarıda qeyd etdiyimiz kimi S.Kərimov hələ universitet
illərində ailə qurub. Onun həyat yoldaşı Firuzə Xanbalayevadır. İş
adamının bu evlilikdən 3 uşağı var. Qızı Gülnarə (1990-cı il
təvəllüdlü), oğlu Abusəyid (1995-ci il təvəllüdlü) və kiçik qızı
Əminət (2003-cü il təvəllüdlü).S.Kərimov ailəsi ilə bağlı çox
mühafizəkar olsa da daim sevgililəri ilə gündəmdədir. O aktyor
Arçila Qomiaşvilnin qızı Katya ilə 4 il sevgili olduqdan və
məşuqəsinə biznes yaratdıqdan sonra ayırılıb. Bundan sonra siyahıya
müğənni Natalya Vetliçkoy, balerina Anastasi Voloçkovoy, aktrisa
Olesi Sudzilovskoya, teleaparıcı Tina Kandelaki, eləcə də pop
müğənni Janna Friske daxil olub. S.Kərimov Ksyuşa Sobçakla da
yaxından dostluq edib. Bəziləri bu münasibətlərin dostluqdan ötə
olduğunu irəli sürür.
Milyarderin ən ehtiraslı romanı isə adıçəkilən qadınlardan
Natalya Vetliçkoyla olub. Biznesmen onunla ictimai tədbirlərə belə
gedirmiş. Hətta çoxları Natalyanı onun arvadı bilirlərmiş.
Nataliyaya kliplər çəkən, bahalı hədiyyələr verən iş adamı
ayrılanda ona Parsidə mənzil, təyarə bağışlayır. Bu arada Rusiya
mətbuatının yazdıqlarına inansaq, S.Kərimovun həyat yoldaşı əsil
şərq qadınıdır. İctimaiyyətə çıxmır, uşaqlarını tərbiyyəsi ilə
məşğul olur. Bütün bunlarla bərabər ərinin xəyanətlərinə dözür.
Lakin Firuzə Kərimovanın da öz kaprizləri var. Məsələn, onun
yaxtalarda və təyyarələrdə bir səyahəti iş adamına 150 milyon
dollara başa gəlib.
670 min avroluq "Ferrari"də yanır
Milyarderlə bağlı diqqəti çəkən sirli məqamlardan biri 2006-cı
ilin 25 noyabrında Nitse yaxınlığında 670 min avroluq "Ferrari
Enzo"su ilə avtoqəzaya uğramasıdır. Həmin qəzada iş adamı beyin
travması almaqla yanaşı yanır. Vəziyyəti kritik olduğundan əvvəlcə
helokopterlə Marseldəki yanıq mərkəzinə, daha sonra isə təyyarə ilə
Brusseldəki karaleva Astrid hərbi hostelinə aparılır. Ən maraqlısı
isə odur ki, sən demə, qəza zamanı S.Kərimov avtomobildə tək
deyilmiş. Onu teleaparacı Tina Kandelaki müşayət edirmiş. Düzür,
xanim Tina canını ucuz qutarır. Yəni heç bir xəsarət almır , sadəcə
cüzi yanır. Amma milyarder bildirdiyimiz kimi kül olmaqdan canını
zorla qurtarır. Şahidlərin dediklərinə əsasən, yanan Kərimov qəza
yerindən qaçaraq torpağa atılıb həyatı uğrundə ciddi mübarizə
aparıbmış. Yaxınlıqda beysbol oynayan yeniyetmələrin köməyə gəlməsi
ilə alovu söndürməyə müvəffəq olur.
Silikonla örtülən xüsusi kostyumda gəzir
Kərimovun müalicəsi isə uzun çəkir. O müəyyən vaxt ərzində süni
tənəffüsə qoşulur. Çoxlu dərmanlar qəbul edir, tez-tez sarıqları
dəyişdirilir. Silikonla örtülən xüsusi kostyumda gəzir. Çünki
deyilənlərə görə, tez-tez titrədirmiş. S.Kərimov bir il aradan
sonra 2007-ci ildə Rusiyaya qayıda bilir. Elə həmin il bəlli olur
ki, milyarder LDPR fraksiyasından istefa ilə bağlı bəyanat verib.
Və "Tək Rusiya" fraksiyasına üzvlüklə əlaqədar müraciət edib.
Sevgilisi maşında olduğunu danır
Qəza uzun müddət mətbuatın gündəmini zəbt edir. Xüsusilə, Tinanın
hadisə zamanı avtomobildə olduğunu danması geniş müzakirələrə yol
açır. Tədbirlərin birinə əlcəkdə gələn Tina jurnalistlərdən
əlindəki yanıq izlərini gizlədə bilmir.
Və səhərisi müsahibə verərək Süleyman Kərimovla Lacivərd gölündə
olduğunu etiraf edir.
Lakin bu görüşün səbəbi və niyə maşında olması haqqında heç bir
izahat vermir.
Qonaq getməyi sevir, amma arvadsız
Dostları və tanışları S.Kərimovu qeyri-adi, dostsevər insan kimi
xarakterizə edirlər. Deyirlər ki, milyarder insanlarla tez
dostlaşır. Qonaq qəbul etməyi, eləcə də, getməyi sevir.
Amma çox vaxt bunları həyat yoldaşının iştirakı olmadan edir.
Bundan əlavə o avtomobili sürətlə idarə etməyi də xoşlayır
/Publika.az/.