Jurnalist Aynur Elgünəş Milli Şuranın İcra Aparatının
rəhbəri Eldar Namazovun ona pul borcu olması barədə fikirləri
sosial şəbəkədə yenidən səslənidirib.
Xanım jurnalist iddia edir ki, 2009-cu ildə Marşal Fondunun
dəstəyi ilə Novxanıda keçirilən tədbirdə çıxış edən hər kəsin
nitqini Eldar Namazovun tapşırğı ilə yazıya köçürüb. Bu nitqlərin
sonradan kitab halına gətirilməsi planlaşdırılsa da, ideya
tutmayıb. Buna baxmayaraq, üzərinə düşən işi gördüyünə görə Aynur
Elgünəş razılaşdıqları 500 manatı Eldar Namazovdan tələb edir.
Məsələ ilə bağlı Eldar Namazovun fikirlərini öyrəndik.
Bu ittihama cavab vermək zamanıdır
Eldar Namazov deyir ki, bu məsələ ilə bağlı bir neçə dəfə
jurnalistlər müraciət etsə də, heç birinə ətraflı cavab
verməyib:
"Düşünmüşəm ki, ətraflı cavab verməyim həmin xanım jurnalistin
özünün ictimai nüfuzuna xələl gətirə bilər. İctimai-siyasi
fəaliyyətə başlayandan bəri jurnalistlərlə sıx təmasdayam, özümün
rəhbərlik etdiyim media layihələrində çoxlu jurnalistlə çalışmışam.
Ancaq birinci dəfədir ki, mənə qarşı belə bir ittiham səslənir.
İttihamlara aydınlıq gətirməliyəm, çünki həmin xanım jurnalist bu
fikirləri deməkdən usanmır. Hər dəfə vurğulayır ki, Novxanıda
Marşal Fondunun dəstəyi ilə Türkiyə-Ermənistan sərhədlərinin
açılması məsələsi ilə bağlı keçirilən konfransın stenoqramını mənim
tapşırığımla yazıb, ancaq pulunu ala bilmir.
İlk olaraq deyim ki, mən Marşal Fondu ilə heç bir layihə
çərçivəsində əməkdaşlıq etməmişəm. Türkiyə-Ermənistan sərhədlərinin
açılması ilə bağlı da heç bir konfrans keçirməmişəm".
Pulu verərəm, amma...
Aynur Elgünəşin iddialarını cavablandıran Eldar Namazov
məsələnin əslində necə olmasını da açıqladı:
"2009-cu ildə Novxanıda konfransda olmuşam. Həmin konfransın da
nə Marşal Fondu ilə, nə də sərhədlərin açılması məsələsi ilə
əlaqəsi var. Biz ora "Azərbaycan cəmiyyətində ziyalıların rolu"
mövzusunda toplaşıb müzakirə aparırdıq. Həmin tədbirdə Cəmil
Həsənli, Rüstəm İbrahimbəyov, Mehman Əliyev, Rafiq Əliyev kimi
ziyalılar iştirak edib. Ziyalılar Forumunun təsis konfransı
keçirilib. Həmin tədbirin Türkiyə-Ermənistan sərhədlərinin açılması
ilə bağlı olmasını demək əslində çox şeydən xəbər verir. Bu
xəbərsizlik onu göstərir ki, həmin jurnalist xanım o materialları
hansı səviyyədə hazırlayıb. Həqiqətən də o tədbiri kitab halına
salıb çap etmək fikrimiz olub və bunun üçün 5 nəfərdən ibarət işçi
qrupu da yaradılıb. Ancaq sonra elə oldu ki, bu kitab çapı məsələsi
alınmadı və Aynur xanımla birgə digər 4 nəfər işsiz qaldı. Biz
müxtəlif fondlara müraciət etdik ki, bu kitabın çapına dəstək
versinlər. Ancaq bu reallaşmadı".
Aynur Elgünəşin pulunu verməyə hazır olduğunu deyən Eldar
Namazov xanım jurnalistə şərt qoydu:
"Bir şeyi də qeyd edim ki, həmin dövrdə Aynur xanımın çalışdığı
ictimai təşkilata 2 dəfə kömək etmişəm və həmin ictimai qurumun
rəhbəri də Novxanıdakı tədbirin iştirakçısı idi. Həmin vaxt o
təklif etmişdi ki, Aynur xanım bu tədbirin stenoqramını yaza bilər.
Konfransın üstündən 4 ildən artıq bir vaxt keçib. Bəlkə doğurdan da
həmin xanım o yazının üzərində işləyib və təkmilləşdirib. Elə buna
görə də mən təklif edirəm ki, Aynur xanım zəhmət çəkib yazdığı və
dəyərli ziyalılarımızın çıxışı olan stenoqramı sizə təqdim etsin.
Mən sizi əmin edirəm ki, həmin çıxışlar sizin saytda dərc
edildikdən 30 dəqiqə sonra xanım jurnalistin pulunu özüm verəcəyəm.
Heç bir fond-filan da lazım deyil".