İranın Ərdəbil vilayətində Xudafərin suvarma sisteminin işə salınması nəticəsində 25 min yeni iş yerinin açılaması planlaşdırılır ki, bununla da bölgədə işsizlik problemi birdəfəlik həll olunacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ərdəbil Regional Su İdarəsinin direktoru Əsgər Süleymanzadə bildirib.
Layihəyə əsasən, Germi şəhəri içməli su ilə tam təmin olunacaq. Bunun üçün yeni su təmizləmə qurğuları quraşdırılacaq. Ənqut və Muran şəhərlərinin də içməli su problemi həll olunacaq. Bu məqsədlə Təzəkənd su bəndi bu ilin ortalarından etibarən su ilə doldurulacaq, ətraf kənd və şəhərlər həmin bənd vasitəsi ilə suyla təmin ediləcək.
Ərdəbilin şimal bölgəsində də İmarət su bəndinin tikilisi davam etdirilir. Bu ilin sonuna qədər bu bəndin işlərinin yekunlaşması gözlənilir.
Süleymanzadənin sözlərinə görə, Payab layihəsi əsasında Xudafərin bəndi sərhəd layihələrdən biridir və bu layihənin sonunda Muğanın 62 min hektar ərazisi suvarma sistemi ilə təchiz olunacaq. Layihənin 52 kilometri Şərqi Azərbaycan vilayətinin, 90 kilometri isə Ərdəbil vilayətinin ərazisinə düşür.
Layihə çərçivəsində nəzərdə tutulan işlərin 50 faizi tamamlanıb. İşlərin sonunda 26 min nəfər işlə təmin olunacaq.
Həmçinin, bəndin üzərində quraşdırılan elektik stansiyası bölgənin elektrik enerjisi ilə təmin edilməsində olan problemləri aradan qaldıracaq.