Son günlər iki müxalifyönlü qəzet - "Azadlıq" və "Yeni
Müsavat" rəhbərliyi mətbuatın gündəmində qarşılıqlı ittihamlarla
yadda qaldı. Bu ittihamlar hər iki qəzetin nəşrini dayandırması
dövrünə təsadüf etdi. "Yeni Müsavat" rəhbərliyi kampaniya keçirərək
qəzetin nəşrini bərpa etsə də, "Azadlıq"hələ ki, Azərbaycan
Nəşriyyatı ilə aralarında olan maddi problemə görə oxucularını
sevindirməyə müyəssər olmayıb.
"Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan hər iki
qəzetin rəhbərliyi arasında yaranan soyuq münasibətə
"Axar.az"da aydınlıq gətirdi:
Azər Ayxanın fikrincə , "Azadlıq" qəzetinin rəhbərliyi hər iki
qəzetə hakimiyyətin yaratdığı məhdudiyyəti kənara qoyub "Yeni
Müsavat"a qarşı kampaniya aparır:
"Onlar bunu bir kənara qoyub, bunun acısını, intiqamını "Yeni
Müsavat"dan çıxmaq istəyirlər. Və bu, heç cür anlaşılan deyil.
Özlərini yeganə müxalifət qəzeti adlandırırlar. Allah işlərini
avand eləsin. Yeganə olsunlar, nə deyirik, amma və lakin bir az da
ədalətli olsunlar, azacıq da qərəzdən də uzaq dursunlar.
Baş redaktorun müavini həmçinin "Azadlıq"ı saxtakarlıqda ittiham
etdi və bunu qəzetdə gedən materialda "Yeni Müsavat"ın adının
ixtisar edilməsi ilə əlaqələndirdi:
"Hətta bizim də adımız keçən xəbərdə saxtakarlığa yol verirlər.
Bizi görməzdən gəlirlər öz aləmlərində. Müsavat Partiyasının Divan
üzvü, iqtisadçı alim Qubad İbadoğlu özünün "facebook" səhifəsində
Brüsseldə beynəlxalq tədbirdə "Yeni Müsavat" və "Azadlıq"
qəzetlərinin yayım problemi ilə bağlı çıxış edəcəyini yazıb. Qubad
bəyin statusundan xəbər düzəldib həm "Yeni Müsavat" qəzetində, həm
də "Müsavat.com" saytında dərc etmişik. Həmin xəbərdə "Azadlıq"ın
da adı gedib. Fəqət "Azadliq.info" saytında bu xəbər çox kobud
formada saxtalaşdırılıb və "Yeni Müsavat"ın adı xəbərdən çıxarılıb.
Hakimiyyəti seçki saxtakarlığında, ədalətsizlikdə və başqa
məsələlərdə ittiham edən bir qəzet və onun gerçək sahibi olan
siyasi lider bu cür informasiya saxtakarlığına yol verirsə, deməyə
söz qalmır. Bu, heç bir əxlaqa, ölçüyə sığan hərəkət deyil. Özünü
demokrat və haqq-ədalət simvolu elan edənlərin bu davranışı seçki
saxtakarlığı qədər qorxulu, təhlükəli və yolverilməzdir".
"Azadlıq" qəzetindən müxbirimizə bildirdilər ki, artıq bu
mövzuda fikir bildirmək istəmirlər.