Türkiyənin tanınmış sənətçisi Doğuş bir neçə gün öncə
"Səni axtarıram" verilişində iştirak etmək üçün Azərbaycana gəlib.
Gəlişinin səbəbini sirr kimi saxlayan müğənni səfər təəssüratlarını
bizimlə paylaşıb.
- Doğuş bəy, bu, Azərbaycana neçənci
gəlişinizdir?
- Bu, Bakıya üçüncü səfərimdir. Bundan əvvəl Nar festivalında
iştirak etmək üçün Göyçaya gəlmişdim. Festival da, Göyçay da çox
möhtəşəm idi. Budəfəki səfərimin səbəbi isə qoy, sirr qalsın.
Zamanı gəlincə, hər şey açıqlanacaq, bir az səbr edin.
- Bakı çoxmu dəyişib? Nə kimi yeniliklər
gördünüz?
- Bakı çox gözəldir. Mən bu şəhəri çox sevirəm. Paytaxtınızda
yaxşıya doğru dəyişiklik var. Bunu görməmək mümkün deyil.
- Özünüzü harada daha rahat hiss edirsiniz? Bakı kimi
sizə yaxın olan şəhərdə, yoxsa Avropa ölkələrində?
- Açığı, mən səyahətlərim zamanı çox gəzmirəm. Konsertimi verib,
işlərimi tamamlayıb otelə qaçıram. Amma Bakı da, insanları da daha
doğmadır. Ayrı dövlət ola bilərik, amma eyni millətik. Bunu
unutmayın.
- Sizə doğma olan Azərbaycandan kimləri
dinləyirsiniz?
- İndi ad çəkə bilmərəm. Amma dinlədiklərim olub. Bir çoxlarını
dinləmək şansım olub. Əksəriyyətini də bəyənmişəm.
- Həmkarlarınızın çoxu film və seriallarda rol alır.
Sizin belə bir planınız varmı?
- Sizə bir sirr açım: yeni filmimiz artıq yoldadır, bu
yaxınlarda hazır olacaq. Mən də təbii ki, baş roldayam. (gülür)
- Yeni albomunuz niyə bu qədər gecikir?
- Bilirsiniz, mən keyfiyyət tərəfdarıyam. Yeni albomum isə demək
olar ki, hazırdır.
- Albomlarınızda Azərbaycan mahnılarına yer vermək
fikriniz varmı?
- Albomlarımda hələ ki, Azərbaycan mahnısı oxumamışam, amma
konsertlərimdə "Ayrılıq" və "Bu qala daşlı qala"nı həmişə
səsləndirirəm. Sizin mahnıları çox sevirəm. Öz mahnılarımızdan
ayırmıram.
- Türkiyədəki son hadisələr hamımızın ürəyini
ağrıtdı...
- Hə, hamımız olanları ürək ağrısıyla izləyirik. Xalqımız ağır
günlər yaşayır, çətin sınaqdan keçirik. Bir çox sənətçi dostlarım
kimi mən də konsertlərimi təxirə salmışam. Allah köməyimiz olsun...
/1937.az/